
Noyabrın 15-i saat 22 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü ərazisində 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Tovuz rayon prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1987-ci il təvəllüdlü Xaliq Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ramilə Rüstəmovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.