"Qalib gəlmək üçün çox çalışdıq. Çətin dönəmdən sonra biz buna inanmağı dayandırmadıq. Bütün klub üçün xoşbəxtəm. İndi bütün diqqətimi milli komandaya yönəldəcəyəm".
Offsideplus.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Qrasshopper"in hücumçusu Renat Dadaşov İsveçrə çempionatının 16-cı turunda "Bazel"ə (1:0) qalib gəldikləri oyundan sonra deyib.
Xatırladaq ki, millimizin üzvü sözügedən görüşdə komandasına qələbə gətirən qolun müəllifi olub.
O, "Bazel"lə oyunda yaxşı müdafiə olunduqlarını söyləyib:
"Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətli olduğunu dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq".
Millimizin forvardı mövsümün əvvəlində göstərdikləri performansları ilə bağlı da danışıb:
"Mövsümün ilk yarısında çoxlu eniş-yoxuşlarımız oldu. Amma indi 20 xal toplamışıq. Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".
Qeyd edək ki, millimiz noyabrın 16-ı Moldova, noyabrın 20-i Şimali Makedoniya ilə yoxlama görüşlərində üz-üzə gələcək.