Prezident cənab İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə hər zaman vətəndaş amili dayanır.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İcra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə rayonun Bənövşəli kəndində səyyar görüş keçirib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında Respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin mərkəzi hissəsində içməli su borusunun yerinin dəyişdirilməsi, kənddaxili içməli su probleminin aradan qaldırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.