Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Qeyd edək ki, Rəşad Əmirov meyxana aləmində Rəşad Dağlı kimi tanınır.