Noyabrın 3-də Nizami Kino Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə istehsal edilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunmuş “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində şəhid Muxtar Qasımlının valideynləri - atası, filmin prodüseri Əli Qasımov və anası, filmin bədii rəhbəri Almaz Qasımova çıxış edib.
Filmin prodüseri Əli Qasımov çıxışı zamanı deyib ki, o da filmi bir gün əvvəl izləyib:
“Filmi izləyərkən həyəcanlanmamaq, ağlamamaq mümkün deyil. Mənim üçün danışmaq çox ağırdır. Filmdə əziyyəti olan hər kəsə təşəkkür edirəm”.
Şəhidin anası Almaz Qasımova bildirib ki, film oğlu - şəhid Muxtar Qasımlının 27 illik şərəfli həyatından , idmanda qazandığı nailiyyətlərdən, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edir:
“Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlər kimi oğlum Muxtar Qasımlının da ömür yolu gələcək nəsillərə bir örnəkdir. Vətənə layiqli, xeyirli övlad yetişdirmək üçün qəhrəmanları hər kəs tanımalıdır. Bir ana kimi bu gün danışmaq çox çətindir, amma mən oğlumla fəxr edirəm. Bütün iştirakçılara, millət vəkillərinə, cənab nazirə və “AzerGold” ailəsinə təşəkkür edirəm”.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov şəhidlərin adlarının əbədiləşdirilməsinin vacibliyini qeyd edib:
“Bu, bizlərin ən birinci işidir. Muxtar bizim idmançımız olub, çempionumuz olub. Bu kimi filmlərin çəkilməsini çox istərdik. Biz də nazirlik olaraq əlimizdən gələn hər şeyi etməyə hazırıq".
Nazir dəstəyə görə “AzerGold”a təşəkkür edib, digər şirkətləri də bu kimi fəaliyyətlərə dəvət edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışı zamanı filmin adının seçiminə diqqət çəkib:
“Filmin adı çox düzgün seçilib. Çünki Muxtar bütün Azərbaycan üçün əsl qəhrəmandır. Muxtar çox ünsiyətcil, mehriban, gülərüz bir əməkdaş idi. Hər səhər işə gələndə biz öncə onunla görüşürdük. “AzerGold”un baş ofisində, həm də istehsalat sahəmizdə hər gün işə gələrkən Muxtar Qasımlı və Rauf Əsgərlinin şəkilləri olan lövhənin qarşısında keçirik. “AzerGold” ailəsinin hər bir üzvü fəxr edir ki, Muxtar və Rauf kimi qəhrəmanlarla çiyin-çiyinə çalışıb. Filmin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkür edirəm”.
Milli Məclisin sədr müavini, deputat Adil Əliyev çıxışı zamanı övladlarını qəhərman ruhda böyüdən bütün valideynlərin qarşısında baş əydiyini vurğulayıb:
“Bizim üçün də, xalqımız üçün də çətin olsa belə, bütün şəhidlərin anım mərasimində iştirak etməyə çalışırıq. Onlar bizim qürur yerimizdir, dəyərimizdir. Filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Xüsusilə də “AzerGold”un rəhbərliyinə, Zakir İbrahimova xüsusi təşəkkür edirəm”.
Çıxışlardan sonra Xalq artisti Mübariz Tağıyevin ifasında “Zəfər nəğməsi”, Şəmistan Əlizamanlının ifasında “Cənab leytenant”, Çinarə Məlikzadənin ifasında “Azərbaycan” mahnısı təqdim edilib.
Daha sonra rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib.
Filmin rejissoru Ruslan Mollayev jurnalistlərə açıqlamasında deyib ki, valideynlərin müsahibələrdən yorulduğunu hiss ediblər:
“Komanda olaraq dedik ki, bir az səbirli olaq, onların yaşam tərzini çəkək. Bütün televiziya kanalları Muxtarla bağlı sənədli film çəkdiyi üçün fərqli bir şey etmək istəyirdik. 20-25 saatlıq material üzərində gecə-gündüz işlədik. Filmin məqsədi göz yaşını göstərmədən ağrını, acını göstərmək idi. Hesab edirəm ki, bunu çatdıra bildik".
Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, tamaşaçıların böyük marağı ilə qarşılanan “Qəhrəman Muxtar Qasımlı” sənədli filmini izləmək üçün linkə keçid edə bilərsiniz:
Fotolar: Yusif EYVAZLI