Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib


Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və Gəncə regional mədəniyyət idarəsinin Kəlbəcər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan anım tədbirində, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,şəhid Azər Mikayılovun şərəfli ömür yolundan bəhs edən videorolik nümayiş etdirilib.
Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri, Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq. Allah vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin 
Daha sonra çıxış edən natiqlər, qeyd ediblər ki, 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi zəfərlə başa çatdı.Bu qələbəni bizlərə Müzəffər Ali  Baş Komandanımız, dövlətimizinin başçısı cənab İlham Əliyev, onun rəşadətli ordusu, şəhidlərimiz və xalqımız bəxş etdi. Şəhidlərimiz öz qanı bahasına əyilən qəddimizi düzəltdilər, qürurumuzu özümüzə qaytardılar. Şəhid Mikayılov Azərin qəhrəmanlığından, onun göstərdiyi igidlik nümunələrindən söz açan natiqlər vurğulayıblar ki, Müzəffər Ali Baş Komandan şəhid mayor Mikayılov Azərin Vətən müharibəsində göstərdiyi şücaəti yüksək qiymətləndirərək onu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif etmişdir.
Şəhidin atası Əmirah Mikayılov və ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbir daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, Mikayılov Azər Əmrah oğlu 1 avqust 1980 ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıblar. 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil aldı. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın N saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov əməliyyatlarda yaxından iştirak edirdi.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yaxından iştirak etmişdir. A.Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 12 oktyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Qarabağ" ordeni, “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Vətən sağ olsun.!



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də