Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Birinci hissədə 5 foul limitini doldurduq və sonra rəqibə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı yaratdıq. Onlar da bundan maksimum istifadə etdilər.
Bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bosniya və Hersoqovinida İsveçin “Orebro” klubu ilə qarşılaşan “Araz-Naxçıvan” komandasının baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra deyib.
Braziliyalı mütəxəssi deyib: “Yaxşı oyun oldu, amma səhvlərimiz də çox oldu. Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Demişdim ki, hər bir oyunumuz finala bərabərdir. Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz. Müdafiədə çox səhv etdik. Qol epizodları da yaratdıq, amma realizə edə bilmədik. Əgər çoxlu səhvlər edirsənsə və imkanlarını realizə edə bilmirsənsə, bu cür nəticədən qaçmaq mümkün deyil”.
Komandanın işinin çətin olacağını deyən baş məqşçi bildirib ki, amma yarış davam edir. Yenidən komanda ilə söhbət edəcəyik, səhvləri göstərəcəyik və sabahkı oyuna hazırlaşacağıq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Orebro” oyunu rəqib komandanın 5:2 hesablı qələbəsilə yekunlaşıb. “Araz-Naxçıvan” əsas mərhələdə növbəti oyununu sabah - oktyabrın 27-də Serbiyanın “Loznika Qrad” klubuna qarşı keçirəcək.