Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Assambleyada keçirdiyi brifinq zamanı sərhəd döyüşlərində verdikləri itkiləri açıqlayıb. Onun sözlərinə görə, sentyabrın 13-14-də sərhəddə baş vermiş döyüşlərdə erməni tərəfinin itkiləri 240 nəfər olub.
Simonyanın açıqlaması ermənilər tərəfindən qəzəblə qarşılanıb. Sosial şəbəkələrin Ermənistan seqmentində cəmi iki günə 240 hərbçinin ölümü acınacaqlı hal kimi qiymətləndirilib və erməni fəallar buna qəti şəkildə etirazlarını bildiriblər.
Yerli istifadəçilər Ermənistan ordusunun məğlubiyyətini hakimiyyətin ayağına yazaraq, Simonyan və onun təmsil etdiyi komandanı ölkəni biabırçı vəziyyətə salmaqda ittiham ediblər.
Etirazlardan sonra Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan təcili açıqlama verərək, erməni spikerin itkilərlə bağlı rəqəmlərdə səhvə yol verdiyini deyib.
"Bundan əvvəl brifinq zamanı Simonyan sentyabrda Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı 240 nəfərin öldüyünü açıqlamışdı. Hər kəsdən üzr istəyirik, bu rəqəmlər yanlışdır. Rəsmi məlumata görə, sentyabrın 13 və 14-də baş verən toqquşmalar nəticəsində Ermənistan tərəfdə ölənlərin sayı 201, itkin düşənlərin sayı isə 29 nəfərdir", - Xaçatryan spikeri təkzib edib.
Mətbuat katibi təkzib yaymaqla vəziyyəti düzəltməyə çalışsa da, alınmayıb. Erməni ekspertlər itkilərin sayının azaldılması cəhdini ölülərin "dirildilməsinə" bənzədiblər.