Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY


Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY

Ötən il Meydan TV Masallının Şərəfə kəndinin bir hissəsində mavi yanacağın olmamasından yazıb. Həmin vaxt Masallının icra hakimiyyətindən bildirmişdilər ki, kənddə qaz var, barəsində danışılan yaxınlıqdakı yeni massivə də qaz xətti çəkiləcək.

İndi sakinlər təkrar müraciət ediblər və deyirlər ki, növbəti qış qapıdadır, qaz xətti isə hələ də yoxdur. Bu dəfə sakinlər üstəlik yol və işsizlikdən də şikayətçidir.

Musa İmanov deyir, yaşadıqları yaşayış massivinin mavi yanacaq problemiylə bağlı dərc olunmuş yazını oxuyarkən, icra hakimiyyətinin verdiyi cavaba təəccübləniblər: "Deyirlər ki, yeni yaşayış massivinin qaz problemi… Yeni yaşayış massivi 3-5 ilin yaşayış yerinə deyilir. Buradasa 30 ildən çox yaşayan ailələr var, mən özüm 1997-ci ildə ev tikib, buraya köçmüşəm. İllər ötdü, burada evlər artdı, insan sayı artdı, ancaq nə yolu oldu, nə qazı, nə normal suyu, işığı… Elə bil cəngəllikdə yaşayırıq”.

"Hökumət çıxış yolu göstərsin”

Sakin Vəzifə Fərəcova deyir, qaz xətti yaşayış massivinin yaxınlığından keçir, ancaq xətti evlərə qədər uzatmaq və digər işlər üçün ödəniş çox bahadır deyə, heç kim bunu edə bilmir: "2500 manata başa gəlir. Kənd yerində kimdə bu qədər pul var? Həyat yoldaşımla mənim aylıq qazancım toplam heç 400 manat etmir. Hələ söhbət işləyib maaş alan ailədən gedir. Belə ailələrsə kənddə çox azdır”.

Başqa kənd sakini Zivər Bağırova da belə yaşayışdan cana doyub. Deyir, 30 ilə yaxındır ki, odun ümidinə yaşayırlar. Odunsa ilbəil bahalaşır: "Dünən bir qiymətə satan, sabah başqa qiymətə gətirir. Həyətimizdəki ağacları da kəsməyə qoymayan hökumət bizə bir çıxış yolu göstərsin”.

"İşsizlik taleyimizə yazılıb”

Yaşayış massivinin yolu da bərbaddır. Sakinlərin sözlərinə görə, məktəblilər yaşayış massivindən kənd məktəbinə çatmaq üçün palçıqla addımlamalı olurlar.

Sakinlər işsizlikdən də şikayətçidilər. Burada işsizlik sanki hər kəsin taleyinə yazılıb. Gənc nəsil kənddə qərar tuta bilmir, ya paytaxta, ya da başqa bölgələrə üz tutur: "Yaşlı nəsildə yerə-yurda bağlılıq var, dözüb otururuq, gənc nəsil belə yaşamaq istəmir, dəyişiklik, yaxşı şəraitdə yaşamaq arzusu var. Ancaq əlindən bir şey gəlməyəndə məcburdur ki, boxçasını yığıb, harada azca güzəran qura bilərsə, ora köçsün. Hansı qapını döysəniz, bunun şahidi olarsınız. Təhsil, iş dalınca gedənlər geri qayıtmır”.

Masallı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirlib ki, Şərəfədəki qeyd olunan yaşayış massivinin qaz, yol probleminin həlli üçün aidiyyəti qurumlara müraciət olunub: "O yaşayış massivinin sakinləri hər yerə şikayət edir. Biz də aidiyyəti qurumlara müraciət edirik. İcra hakimiyyəti qaz çəkmir, yol salmır. Kəndiçi yolları bələdiyyə düzəltməlidir. Qaz xəttinə gəlincə, həmin ərazidən qaz xətti keçir, ancaq qanuna görə, abonent özü podratçı şirkətlə müqavilə bağlayıb, müəyyən ödəniş edib, ana xətdən yaşadığı ünvana qaz xətti çəkdirə bilər”. //Meydan TV//
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY
Masallıda sakinlər ÇƏTİN DURUMDA - GİLEY

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də