“Azərbaycana səfərim çərçivəsində qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri, eyni zamanda, regional və beynəlxalq prosesləri müzakirə etdik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan qeyd edib ki, Cənubi Qafqaza ümumi baxışımızın sülh, sabitlik və inkişaf əsasında qurulduğunu bir daha təsdiq etdik.
"Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında əlaqə yolunun açılması və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addımları təşkil edəcək. Uzun illərdən sonra bölgədə daimi sülh şansı böyük bədəllər ödəməklə əldə edildi. Biz Ermənistandan bu tarixi fürsətdən yararlanmasını səmimi qəlbdən gözləyirik. Şübhə yoxdur ki, Azərbaycan-Ermənistan danışıqlarındakı irəliləyiş Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də müsbət töhfə verəcək. Biz qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” şüarı ilə hər sahədə daha da gücləndirməkdə qərarlıyıq. Ümidvaram ki, səfərim təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaq”, - deyə Türkiyə lideri vurğulayıb.