Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) bu ölkədəki missiyasının rəhbərini dəvət edərək Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin “irqçi və diskriminasiya ehtiva edən” fikirlərinə görə izahat istəyib.
Bu qalmaqala səbəb Borrelin Avropa Diplomatik Akademiyasının açılışında “Avropanın bir bağça, ətraf ölkələrin isə cəngəllik” olduğuna dair sözləri olub. Aİ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ətrafdakılar çəngəllikdən bu bağçaya girməyə can atırlar.
Onun bu fikirləri Yaxın Şərq ölkələrində etirazlara səbəb olub və irqçi fikir kimi qiymətləndirilib.
Bütün bu tənqidlərin fonunda Borrel tvitter səhifəsində üzr istəyərək yazıb: “Bu sözlərim kimisə incidibsə, üzr istəyirəm”.
O əlavə edib ki, “cəngəlliklə” bağlı sözləri irqçi deyil, mədəni və coğrafi kontekstdə söylənilib:
“Təəssüf ki, bu gün dünyamız çiçəkli bağçadan çox, cəngəlliyi xatırladır. Çünki bir çox yerlərdə qanunlar və beynəlxalq normalara əməl olunmur. Biz arzu edirik ki, bütün cənub regionları daxil olmaqla dünyanın qalan hissəsi daha yaxşı olsun”.