Türk Dövlətləri Təşkilatının (TDŞ) Baş katibi Bağdad Əmrayev 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Təbrik məktubu qurumun saytında dərc olunub.
"Qurucu üzv dövlətimiz olan Azərbaycanın Müstəqilliyinin bərpasının 31-ci ildönümünü qeyd etdiyi bu gündə qardaş Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram”, - baş katib bildirib.
B.Əmrayev qeyd edib ki, Azərbaycanın bu 31 ildə siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi möhtəşəm tərəqqi və nailiyyətləri, regionumuzda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rolu, türk xalqları arasında birlik və həmrəyliyin təşviqində göstərdiyi səylər həm Türk Dünyası, həm də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur: "Davamlı dəstəyə və köməyə görə möhtərəm Prezident İlham Əliyevə, Azərbaycanın bütün nazirliklərinə, dövlət və özəl qurumlara minnətdarlığımı bildirirəm. Azərbaycana səmimi təbriklərimi çatdırır, Azərbaycan hökumətinə və xalqına firavan və işıqlı gələcək arzulayıram".