Vəkil Elçin Sadıqov “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun hüquqlarının müdafiəsindən uzaqlaşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda bununla bağlı qərar elan olunub.
Hakim prosesdə vəkilin iştirakına xitam verilməsini Elçin Sadıqov haqqında ev dustaqlığı qərarının şərtləri ilə əsaslandırıb: “Elçin Sadıqovun həbsdən ev dustaqlığına buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin şərtlərindən biri budur ki, o, barəsindəki cinayət işi üzrə prosesin iştirakçıları ilə ünsiyyətdə ola bilməz”.
Hakim bildirib ki, “Baku Steel Company”nin keçmiş rəhbəri də Sadıqovun ittiham olunduğu cinayət işi üzrə iştirakçılardandır. Hətta sentyabrda məhkəməyə Baş Prokurorluqdan sorğu göndərilib ki, Rasim Məmmədovun həmin cinayət işi üzrə istintaq prosesində iştirakına icazə verilsin. Məhkəmə də buna icazə verib.
Rasim Məmmədov Elçin Sadıqovun müdafiəçi kimi məhkəmədə iştirak etməli olduğunu deyib.