Hadrutda nə baş verir… – Şuşa ilə bağlı İDDİA
“Hadrut ərazisində artan gərginliyin hansısa başıpozuq erməni dəstələrinin əməli olduğunu düşünmürəm. Məğlub ermənilərin bu cəsarəti yoxdur, ola da bilməz”.
Bu fikirləri poltoloq Ərəstun Oruclu son günlər Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə bəzi erməni silahlı birləşmələrinin Azərbaycan hərbçilərinə hücumlarını şərh edərkən bildirib.
Onun fikrincə, əslində məsələ başqa cürdür və baş verənlər 2 mühüm hədəfə yönəlib:
“1. Hələ sovet dövründən Hadrut rayonu ərazisində mövcud olmuş radioelektron mübarizə stansiyasına nəzarəti qaytarmaq;
2. Şuşanı mühasirəyə salmaq”.
Politoloq deyir ki, hər iki məntəqə hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Belə ki, Hadrut ərazisində yerləşən stansiya (daha doğrusu, onun yerləşdiyi ərazinin relyefi) həm İranın, həm də Azərbaycanın hava məkanına nəzarət etməyə imkan verir.
Şuşanın strateji əhəmiyyəti də bəllidir: Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır.
“Amma belə bir iddialar ermənilərin gücü çərçivəsində təmin oluna bilməz və qismən onların hədəfi də deyil. Qarabağda hərbi baza qurmağı planlaşdıran Rusiya üçün hər iki məntəqə son dərəcə ciddi əhəmiyyət kəsb edir.
Ermənilər isə həmişə olduğu kimi, bu məsələdə də alət rolunu oynayırlar”,- deyə politoloq qeyd edib.