Gələn il Quba rayonunun Xınalıq kəndi BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Dünya irsi siyahısına salına bilər.
Bunu “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa işlərinə baxış zamanı Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
"Xınalıq təkcə memarlığına görə yox, əhalisinin məşğuliyyətinə və yaşam tərzinə görə də çox unikal bir yerdir. Buradakı köç prosesi, hər il yaylaqda və qışlaqda məskunlaşma olduqca maraqlıdır. Biz “Xınalıq kəndi və köç yolu” adlı sənəd hazırlayıb UNESCO-ya təqdim etmişik. Bu sənəd artıq ilkin və texniki baxışdan keçib. Ərazinin dəyərləri ilə bağlı ilkin pozitiv rəylər almışıq. İlkin texniki baxışın nəticələrinə uyğun olaraq sənədlər hazırlanır. Noyabrın 7-nə qədər bu sənədlər UNESCO-ya təqdim olunacaq və növbəti ildə Dünya İrsi Mərkəzinin planlarında dəyişiklik olmasa, komitənin növbəti iclasında müzakirəyə çıxarılacaq. Biz ümid edirik ki, bu müzakirənin sonunda Xınalıq kəndi və köç yolu Dünya irsi siyahısına daxil olacaq”, - deyə qurum rəsmisi qeyd edib.