Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! DİN hərəkətə keçməlidir

SON DƏQİQƏ! DİN hərəkətə keçməlidir

Azərbaycanda daha bir "asan pul" mərkəzi açılıb. BAXAR.AZ xəbər verir ki, heç bir rəsmi qeydiyyatı, lisenziyası olmayan daha bir uşaq mərkəzi fəaliyyətə başlayıb. Belə ki, özünü "Sevgi Uşaq Evi" adlandıran mərkəz sosial şəbəkələrdə bir neçə uşaqla birgə müraciət yayımlayıb. Müraciətdə naməlum qadın tərəfindən deyilir: "Bizim uşaq evimiz var, binanın damında problemlər var və siz də bu uşaqlara kömək edin ki, kimsəsiz uşaqlar küçədə qalmasın." Uşaq hüquqları üzrə qanunvericiliyə əsasən kimsəsiz uşaqlarla iş yerli icra hakimiyyəti orqanları, uşaq sığınacağı-reinteqrasiya mərkəzləri və dövlətin özünün uşaq evləri tərəfindən aparılır. Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə BAXAR.AZ-a açıqlama verib:"Düzgün qeyd edirsiniz ki, kimsəsiz uşaqlarla iş üzrə məşğul olan QHT və dövlət qurumları var. Adını çəkdiyiniz "müəssisəni" mən də tanımıram. Neçə illərdir ki, bu işlə məşğul olduğumuzdan öz sahəmiz üzrə hər kəs bir-birini tanıyır. Mən bilmirəm ki, o uşaqların qəyyumları kimdir və ya o uşaqlar oraya necə gedib çıxıb. Amma, onu bilirəm ki, kimsəsiz uşaqlar yerli icra hakimiyyətlərindən və ya Daxili İşlər Nazirliyi tərəfindən bizlərə göndərilir. Əgər, rəsmi bir fəaliyyətləri varsa, göstərsinlər ki, cəmiyyət də bu qədər narahar olmasın. Siz adını qeyd etdiyiniz təşkilat varsa, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçiblərmi? Keçiblərsə, nizamnamələrində uşaq hüquqlarının müdafiəsi, mərkəzlərin yaradılması, sosial xidmətlərin göstərilməsi nəzərdə tutulubsa, sənədləri göstərsinlər. Biz də onlarla əməkdaşlıq edək" -deyə, Kəmalə Ağazadə bildirib. Qeyd edək ki, kimsəsiz uşaqlar dövlət və ya qeyri-dövlət orqanlarına yerli icra hakimiyyətləri, yerli polis idarələri tərəfindən təhvil verilir. Nə qədər araşdırma aparsaq da, sözügedən "Sevgi Uşaq Evi"nin heç bir rəsmi qeydiyyatını tapa bilmədik. O zaman ya bu uşaqlar oğurlanıb insan alverinin qurbanı olacaqlar, ya da ki, Daxili İşlər Nazirliyi və aidiyyatı qurumlar hərəkətə keçməlidir. Eyni zamanda, "Uşaq Evi" ifadəsi Təhsil Nazirliyi və digər dövlət qurumları tərəfindən təsdiqlənməlidir. 

Yazıda adı keçən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq. 

Fərid İMRAN
BAXAR.AZ

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də