Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təzminat əvəzinə Zəngəzur dəhlizi - TƏKLİF


Təzminat əvəzinə Zəngəzur dəhlizi - TƏKLİF

"Azərbaycan xalqına qarşı ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətlərinin külliyatını qısa videoçarxlara yerləşdirmək mümkün deyil. Gördüyünüz kadrlar onların  kiçik bir hissəsidir. Hazırki tədbirdə məqsəd təcavüzkarlıq təqvimini mexaniki sıralamaq deyil, daha çox tariximizin qanlı səhifələrini ölkəmizi xaricdə hüquqi-siyasi mühakiməyə qalxanlara, eləcə də daxildə düşmənə humanizm təşviq edənlərə göstərməkdir".

 

Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda deyib.

 

"Sizinlə birgə yaşadığımız son iki ili, 27 sentyabr-10 noyabr tarixini xaqlımız üçün yeni qurtuluş təqvimi kimi qeyd edərkən, parlaq Qələbəmizin ildönümü əvəzinə qarşınıza təəssüf ki, işğal dövrünün səhnələri ilə çıxmışıq. Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik. Bəli, düşmənin məqsədi budur-xalqımızın senyabr müqəddəsliyinə zərbə vursun, milli gündəliyi Qələbə hadisəsindən çıxarsın, qurucu enerjisini xarici meydanlara yönəltsin" - deyə deputat konfrans iştirakçılarına müraciətlə bildirib.

 

Zahid Oruc vurğulayıb ki, iki oktyabrda erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da ilk növbədə, Qələbəmizə zərbə vurmağı hədəf alıb: 

 

"Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik  müqanişədən qazananlar açıq səhnəyə çıxırlar.

 

Ermənistanın son 34 ildəki müharibə cinayətlərindən hakimiyyət təmsilçiləri burada danışacaqlar.Lakin bir həqiqət danılmazdır: Azərbaycan dövləti 2-ci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı.Ölkə rəhbəri 8 noyabr 2021-ci ildə Zəfər günündə xalqa müraciətində deyir, sitat: “biz beynəlxalq hüququ və müharibə qanunlarını pozmadıq. Ədalətli müharibə apardıq və düşməni döyüş meydanında məğlub etdik”. Savaşın 3-cü günü düşmən tərəfi ölkəmizi existensialist təhlükədə-ermənilərin varlığına son qoymaqda suçlandırmağa çalışdı, lakin sonra anladılar ki, gərək on minlərlə mülki insan məhv olsun ki, iddiaları özünü doğrultsun. Əvəzində 44 günlük müqəddəs müharibə əsil Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan ordusu xilas etdi.Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, sıyqırıma görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın!

 

Şübhəsiz, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin ekranda gördüyünüz Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər, heç birinə Haaqada hüquqi qiymət verilməyib.10 noyabrdan sonra dünya gördü ki,  “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası əkib və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı  Human Rigts Watç-un 2011-ci ildə  təsis etdiyi üzv dövlətlərlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib. Eləcə də Roma statutuna qoşulmamaq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdikasiyasına daxil olmamaq dövlətləri məsuliyyətdən azad etmir.Ona görə də Miloşeviçi məhkəməyə çəkənlər Koçaryan və Sarkisyan üçün də eyni tribunalı qura bilərdilər".

 

Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Buna cəhd edən hakimiyyət və hakimləri dünya erməniliyi linç edərdi: 

 

"Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 16 avqust 2021-ci il çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq, “çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz”, demişdi. İndi o adamlar nəinki xalqımızın, elə sadə ermənilərin də nifrətini qazanıblar. Haaqa tribunalı gərək o qəhrəmanlardan başlayardı, onda Rusiya-Ukrayna müharibəsində ədalətli münsif ola bilərdilər".

 

"Ermənistan 2 oktyabrda mötəbərliyi rəsmən təsdiqlənməyən videoyazı üzərindən ölkəmizə qarşı qlobal kampaniyaya aparır və  əkstəbliğatın coğrafiyası çox genişdir" - deyən Zahid Oruc onu da əlavə edib ki, ABŞ, Hindistan, Fransa, Kanada, Norveç, Yunanıstan, Litva, İrlandiya Xarici İşlər nazirlikləri, fransalı nazir Frank Rister, The National İnterest dərgisi, 45-dək amerikalı konqresmen, İspaniya parlamentinin üzvü Anton Reyno və Con İnyariti, Britaniyanın Ermənistandakı səfiri, amerikalı senator Aleks Padilya, Genosidi önləmə şəbəkəsi, Ursula fon der Layenin istefasını tələb edən qlobal chang.org platformasında başladılan petisiya, avropalı deputatlar Viola Taubadel, Tom Vanderisxe, Emmanuel Morel, Almaniya Ombudsmanı, ATƏT DTİB, Haaqada azərbaycanlı səfiri Niderland XİN-ə çağıran hökumət üzvləri, İspaniya Konqresi, britaniyalı jurnalist Emil Hesse, Bellingcat kəşfiyyat platfoması, kanadalı senator Leo Kusakos, Amerika senatının xarici əlaqələr komitəsi, Avropa parlamentində 17 nəfərlik dinləmə və Norveçin Ermənistandakı səfiri Helen Andersen ölkəmizi günahlandırma kampaniyasında iştirak edirlər:

 

"Bu aksiyaların məqsədlərini belə ümumiləşdirmək olar: Ermənistan böyük maliyyə yardımı istəyir və “Azərbaycan təhlükəsi” mifi əvəzsiz xarici siyasət alətidir.

 

34 ilin cinayətlərini ört-basdır etmək, mühakimədən yayınmaq və bir neçə hərbçinin öldürülməsi ilə keçmiş əməllərini unutdurmaq siyasəti yürüdür.

 

Qarabağa təhlükəsizlik və müxtəlif hüquqi preferensiyalar qazandırmaq istəyir.

 

Ermənistanı demokratiya adası kimi təqdim edərək, Qərb dəyərlərini bölüşən bir ölkəyə Rusiya ilə birgə olan Azərbaycanın hücumunu iddia edir, özünü isə Ukrayna obrazında Himars raketlərinə və silah yardımına ehtiyacı olan tərəf kimi göstərir.

 

Ölkəmizi iqtisadi-siyasi sanksiyalarla maliyyə resurslarından, ordumuzu isə müasir silahlardan məhrum etməyə can atır. Ona görə də Cozef Borrelə verilən suallar “sizə Azərbaycan qazı gərəkdir, yoxsa, erməni qanı” şəklində idi. Göründüyü kimi, qlobal kampaniyaçılar avropalıların qışda donmasına razıdılar, təki Azərbaycan iqtisadi gəlirlərdən məhrum edilsin.

 

Xüsusilə, yeni formalaşan Komando qüvvələrinin ətrafında  neqativ fon yaratmağa, 2-ci Xüsusi Təyinatlıların yaranmasına yol verməmək məqsədi güdür.

 

Bizi “Böyük qayıdış” ruhundan və kursundan yayındırmağa, qarşıdakı 30 ildə də enerjimizi və resurslarımızı yad proqramlara və qüvvələrə xərcləməyə vadar etmək istəyir.

 

Qələbəmizin miqyasını kiçiltməyə, Zəfərimizin  simvolu olan Ali Baş Komandanın güclü dövlət liderləri ilə münasibətlərinə xələl gətirməyə cəhd edir və sair.

 

Bu siyahını uzatmaq da olar. Gəlin unutmayaq ki, ötən il Ermənistanın Azərbaycana qarşı BMT-də "etnik nifrət yaymaq" ittihamı ilə dinləmələri gündəmə gəlmişdi. Ona görə də sərt və yumşaq gücü bir arada saxlamalıyıq. Ermənilər hərbi meydandakı ağır məğlubiyyəti informasiya məkanındakı üstünlüklə əvəzləyib, onu gələcəkdə silahlı məkana daşımağa çalışır. Təzyiqlərin gələcəkdə artması ehtimalı dövlətimizdən Hibrid Hücumlarla Mübarizə Mərkəzinin yaradılmasını tələb edir. 44 günlük müqəddəs müharibənin nəticələrinin beynəlxalq legitimliyi etibarlı dövlət statusumuzdan və hərbi cinayətlərə qarşı siyasətimizdən çox asılıdr.Beləliklə, biz nə etməliyik:

 

İlk növbədə, I və II Qarabağ savaşını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması vacibdir. Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar.

 

İkincisi, Azərbaycan həqiqətlərinin yayılması işində Avropa təhlükəsizliyi reallıqlarını dərk edən və ölkəmizə rəğbəti olanların səfərbərliyi tələb olunur.Baxın, Avropa Komissiyasının prezidenti Ursula Fon der Layenə qarşı ləkələmə kampaniyası aparılır, bizsə sakitcə tamaşa edirik. Halbuki onun müdafiəsi iqtisadi-siyasi mənafelərimiz üçün çox gərəkdir.

 

Üçüncüsü, Ukraynaya təkcə Amerikanın yardımlarının miqdarı 26 milyard dollar təşkil edir, iqtisadiyyatının xilası üçün 500 milyard yardım vəd olunub. Alqışlayırıq, lakin Zəngilanın bir kəndini tikmək üçün o dövlətlərin dəstəyi ilə beynəlxalq donor konfransları və fondlarının təşkili üçün dünya azərbaycanlılarının fəal kampaniyası yerinə düşər.

 

Dördüncüsü, keçmiş köçkünlərə vurulan maddi ziyanların qiymətləndirilməsini tezləşdirərək, bir milyon insanın Ermənistana “evimin təzminatını ödə” aksiyası ciddi hüquqi-siyasi nəticə doğurar.

 

Beşincisi, əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir!

 

Əziz dostlar, yekunda xüsusi vurğulayaq ki, biz erməni hərbçilərinə, daha doğrusu məğlub zabit və əsgərlərə paytaxt Bakıda “Əsrin məhkəməsi”ni qurduq, nəticələrindən asılı olmayaraq, onlar o hökmlə yaşayacaqlar, lakin o hərbçilərə əmr verən siyasi və hərbi generalları cəzalandırmaq ən böyük vəzifədir. Əlbəttə, biz düşmənçiliyə son qoymaq  istəyirik, lakin çevirdiyimiz səhifə gerçəkdən də sülhə xidmət etməlidir.Ona görə də dövlət başçısı yeni milli ideyamızı Bolqarıstanda, Ağdamda, yaxud Praqada eyni ahənglə dilə gətirir: biz doğma torpaqlarda əbədi yaşayacağıq! Bəli, bir daha müqəddəs Zəfər günlərində xalqımızın qırğın və faciələrə deyil, “Qələbəyə davam” etməsi üçün ölkə rəhbəri 27 sentyabr Dönüş və Döyüş günündə ilk şəhidimizin Ruh daşına söykənərək, strateji hədəfləri göstərdi, “gəlin and içək ki, müstəqilliyimizi əbədi qoruyacağıq” çağırışını səsləndirdi, onu millət və dövlət quruculuğunun gələcək devizinə çevirdi. Gəlin, biz də and içək, çünki Vətən və dövlət anddan başlayır!"


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də