Rusiya Prezidenti Vladimir Putin Krım və Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib.
Kremlin "Telegram" kanalında yayılan videoda Putin hadisəni terror aktı adlandırıb.
"Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və sifariş edilib”, - Rusiya Prezidenti deyib.
Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşüb. Komitə rəhbəri Putinə körpüdə baş vermiş partlayış və yanğınla bağlı araşdırmanın nəticələrini təqdim edib.
19 kilometr uzunluğunda olan Krım körpüsündə dünən baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.