Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dərmanlar necə qeydiyyata alınır?


Dərmanlar necə qeydiyyata alınır?

Mərkəzin Farmakonəzarət şöbəsi tərəfindən ilk olaraq dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirləri və fayda-risk nisbətləri sistemli bir şəkildə izlənilir.

 

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov bildirib.

 

F.Həsənov qeyd edib ki, bunun üçün lazımi məlumat toplanılır, qeydiyyata alınır, qiymətləndirilir, arxivləşdirilir:

 

"Daha sonra dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlər görülür. Farmakonəzarət anlayışından da göründüyü kimi, dərman vasitələrinin əlavə təsirlərinin və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələrin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində həyata keçirilən elmi fəaliyyətdir.

 

Dərman vasitəsinin əlavə təsirləri dedikdə onların istifadə təlimatında (içlik vərəqədə) göstərilmiş dozada istifadə edilməsi zamanı insan orqanizminin gözlənilməz mənfi reaksiyası nəzərdə tutulur. İçlik vərəqəsi hər bir dərman vasitəsinin qutusunun içində olur və həmin vərəqədə “Əlavə təsirlər” bölməsində əlavə təsirləri qeyd olunur. Əlavə təsirlərə misal olaraq, ürəkbulanma, baş ağrısı, qusma və s. göstərmək olar".

 

"Dərmanların qeydiyyatı bir neçə mərhələdə baş verir. Hər bir dərman vasitəsi qeydiyyata alınmazdan öncə klinikaya qədər (heyvanlar üzərində aparılan tədqiqatlar) və klinik (insanlar üzərində aparılan tədqiqatlar) tədqiqatlardan keçirilir.

 

Klinik tədqiqatlar dərman preparatlarının inkişafının ayrılmaz mərhələsidir. Klinik sınaqlar zamanı onların effektivliyi və təhlükəsizliyi haqqında məlumat əldə etmək üçün geniş araşdırmalar aparılır. Bundan əlavə, yeni dərmanın fayda və risk nisbəti, toksiklik xüsusiyyətləri öyrənilir. Bu məlumatlara əsasən, dərmanı qeydiyyata almaq və ya qeydiyyatından imtina etmək barədə qərar qəbul edilir", - şöbə müdiri qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də