Bu gün Tehrandakı Hərbi Universitetdə keçirilən məzuniyyət mərasiminə İranın ali dini rəhbəri Ayətullah Xamenei də qatılıb.
“Mehr” Agentliyinin məlumatına görə, Xamenei ölkədə baş verən son hadisələrə münasibət bildirib.
O, son hadisələrdə daha çox ölkənin polis qüvvələrinə və İran xalqına qarşı haqsızlıq edildiyini bildirib. Xamenei İran xalqının bu hadisələr qarşısında əvvəlkindən daha güclü olduğunu söyləyib.
Ali dini rəhbər iğtişaşlara səbəb olan Məhsa Əmini adlı qızın ölümünə toxunaraq, "bu hadisədə bir gənc qız həyatını itirdi. Bu faciəli hadisə bizi də çox kədərləndirdi. Lakin bəzi insanların araşdırma aparmadan küçələrə çıxması, məscidlərin Quranla birgə yandırılması, bir qadının baş örtüyünün zorla çıxarılması normal reaksiya deyil" söyləyib.
İranın ali rəhbəri qarışıqlıq və xaosun planlı olduğunu açıqlayaraq deyib: “Əgər bu gənc qızla bağlı heç bir hadisə olmasaydı, Mehr ayının ilk günündə (23 sentyabr) güvənsizsizlik və xaos yaratmaq üçün başqa bir bəhanə ortaya atılacaqdı”.
Ayətullah Xamenei daha sonra "açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, İsrail və onun yandaşları tərəfindən hazırlanıb. Xaricdəki bəzi xainlər də onlara kömək edib" bəyanatını verib.
Ayətullah Xamenei sözlərini belə davam etdirib:
"Dünyada çox qarışıqlıq var. Avropada, xüsusən də Fransa və Parisdə vaxtaşırı genişmiqyaslı etirazlar olur. Amma ABŞ prezidenti və ya ABŞ Nümayəndələr Palatası nə vaxtsa iğtişaşçıları dəstəkləyibmi və ya hadisələrlə bağlı yazılı açıqlama veribmi? ABŞ və kukla dövlət Səudiyyə Ərəbistana bağlı kütləvi informasiya vasitələri nə vaxtsa bu ölkələrdəki təşviqatçıları dəstəkləyib? Və yaxud ABŞ iğtişaşçıların daha rahat ünsiyyət qurması üçün internet xidməti təqdim edibmi?
Lakin dəfələrlə İranda qarışıqlıq yaradanlara belə dəstək verilib. Bəs necə olur ki, bəziləri bu olayda yad əlləri görmür, ağıllı adam başa düşür ki, bu hadisələrin arxasında başqa əllər var”.
Ali dini rəhbər xarici dövlətlərin İrandakı xaosu dəstəkləməsinin səbəbini açıqlayaraq deyib:
“Bu ölkələr çoxşaxəli gücə malik olan İranın tərəqqisinə dözə bilmədiklərinə görə ölkədə xaos mühiti yaratmaq istəyirlər”.
Ayətullah Xamenei Kürdüstan və Sistan-Bəlucistan əyalətlərində baş verən hadisələrlə bağlı deyib: "Mən bəluc xalqı arasında yaşamışam, onlar İran İslam Respublikasına çox bağlıdırlar. Kürd xalqı da vətənə və İslama bağlıdır. Ona görə də düşmənin planları orada işləməyəcək”.
Xamenei sonda "İrandakı hadisələr gənc qızın ölümü və ya hicaba görə deyil. Əsas məsələ İranın müstəqilliyi və güclənməsidir" deyib.