“Hazırda dünyada COVID-19 pandemiyasını sonlandırmaq üçün ən əlverişli şərait yaranıb. Pandemiyanı hələ tam sonlandıra bilməsək də, üfüqdə qələbəni sezmək mümkündür”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.
“Bunun üçün daha çox çalışmalı və pandemiyanı geridə qoyduğumuzdan əmin olmalıyıq. COVID-19 və digər potensial pandemiyaların qarşısının alınmasında birgə səy göstərilməli, yüksək risk qrupuna aid edilən əhali kateqoriyaları tam peyvənd olunmalıdır. Bu istiqamətdə çalışarkən səhiyyə işçilərinə dəstək verməli, onları lazımi tibb avadanlıqları və təchizatlarla təmin etməliyik.
Nəzərə almaq lazımdır ki, gələcəkdə müxtəlif infeksiya dalğalarını müşahidə edə bilərik. Təkcə 2022-ci ildə 1 milyondan artıq insanın COVID-19 səbəbilə dünyasını dəyişməsi o deməkdir ki, pandemiya hələ də qlobal təhlükə olaraq qalmaqdadır”, - məlumatda qeyd olunub.