İndoneziyada futbol matçı zamanı qarşıdurma yaşanıb və polis insidenti dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra azarkeşlər arasında izdiham daha da böyüyüb.
RegionTV xəbər verir ki, nəticədə 129 nəfər həlak olub.
Şərqi Yava əyalətinin Malanq şəhərindəki Kanjuruhan Stadionunda Persebaya Surabaya komandasının Arema Malanqı 3-2 hesabı ilə məğlub etdiyi matçdan sonra tərəfdarlar arasında dava baş verib.
Davaya müdaxilə edən polisin istifadə etdiyi gözyaşardıcı qazdan qaçmaq üçün yüzlərlə tərəfdar çıxış darvazasına axışıb.
Yaşanan böyük xaosda insanlar hava çatışmazlığından boğulub. Stadionda baş verən hadisələrdə 129 nəfər həyatını itirib.
300-dən çox insan müalicə üçün bölgədəki xəstəxanalara aparılıb, lakin bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.
Hazırda 180 yaralının vəziyyətinin ağır olduğu, ölənlərin sayının arta biləcəyi qeyd edilib.