Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri, layihənin əhəmiyyəti barədə videoçarx nümayiş etdirilib.
Dövlət başçısı mərasimdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Təqdimata görə çox sağ olun.
Hörmətli Bolqarıstan Prezidenti Radev.
Hörmətli Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen.
Hörmətli prezidentlər və Baş nazirlər.
Xanımlar və cənablar.
Əvvəlcə Bolqarıstan Prezidenti Radevə bu tarixi mərasimdə iştirak etmək üçün dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.
Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.
Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Xanım Prezidentin bərpaolunan enerji barədə dedikləri ilə bağlı bildirmək istərdim ki, bu, həmçinin bizim iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzaladığımız Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun bir hissəsidir. Beləliklə, əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq.
Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var.
Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu, olmadan əlavə təchizatı təmin etmək çətin olacaq.
Sonda mən Bolqarıstan, Yunanıstan xalqlarını və hamımızı bu tarixi mərasim, belə bir mühüm layihənin tamamlanması münasibətilə təbrik etmək istərdim və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoruna uzun və uğurlu fəaliyyət arzu edirəm.
Sağ olun.