İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkinin uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlərini davam etdirir.
Qurumdan bildirlib ki, “Bizim Market”də satılan “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. “Bizim Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
“Məlumat üçün bildiririk ki, çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilib”.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.