Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat təhsil nazirini ifşa etdi: Məktəbin sinifləri, idman zalları arendaya verilir


“Azərbaycanın görkəmli şəxsiyyəti, uzun illər Maarif naziri olmuş akademik Mehdi Mehdizadə deyirdi ki, nazir kabinetində oturanda ən ucqar kənddə belə dərslərin necə keçirilməsini hiss etməlidir. İndi Bakı şəhərinin mərkəzində belə dərslərin necə keçirilməsi heç kimi maraqlandırmır. Rüşvət halı ictimailəşəndə, məktəbə yaraşmayan hərəkətlər baş verəndə işə keçirlər”.

AzToday.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında deputat Etibar Əliyev yazıb.

Onun sözlərinə görə, təhsil sistemində indi qruplaşmaların təyin etdirdikləri əksəriyyət direktorları yalnız qazanc maraqlandırır:

“Mehdi müəllim təyin etdiyi məktəb direktorlarına arxayınlaşaraq bu ifadəni işlətmişdi. Onun zamanında direktor işləmək böyük məsuliyyət tələb edirdi. Direktorlar tədrisi yüksək səviyyədə təşkil etməli, tərbiyə prosesini nizama salmalı, həm də uşaqların fiziki hazırlığı üçün çalışmalı idilər.

Zaman dəyişdi. İndi qruplaşmaların təyin etdirdikləri əksəriyyət direktorları yalnız qazanc maraqlandırır. Məktəbin sinifləri, idman zalları arendaya verilir, tədrisin keyfiyyəti heç kimi maraqlandırmır, məktəbin tərbiyə funksiyasından isə söhbət belə gedə bilməz. XXİ əsrin məktəbinin qarşısında daha ciddi vəzifələr qoyulur. Məktəb uşaqları həm də zərərli informasiyalardan qorumalıdır. Uşaqlar zərərli informasiyalarla elə məktəbdə əhatə olunurlar. Məktəbdə tədris mühitini direktorlar korlayır. Bunu bilərəkdən edirlər.

İki misal çəkəcəm: məktəblərin birində çalışan elmlər namizədi, “Tərəqqi” medalı ilə təltif olunan, “İlin müəllimi” seçilən direktor müavinini kənara qoyub, başqa məktəbdən bioqrafiyası çirklənmiş direktor müavinini həmin məktəbə direktor təyin ediblər. Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir. Bu nə deməkdir? Məqsəd kollektivdə nifaq və rüşvətxorluq mühiti yaratmaqdır.

Azərbaycanın tanınmış məktəb direktoru, “Zəngi” liseyinin qurucusu, elmlə təhsilin vəhdətini yaratmaq işində gecə-gündüz çalışan, sağlamlığını bu işə qurban verən fizika riyaziyyat – elmləri namizədi Bayram Heydərov dünyasını dəyişən kimi rüşvətxorluqda və intriqabazlıqda ad çıxarmış birini bu məktəbə direktor təyin etdilər. Uzun illər təhsildə qabaqcıl mövqe tutmuş bir liseydə tədris mühitini darmadağın etdilər. Yenə də məqsəd bəllidir. Məqsəd Ölkə təhsilini viran qoymaqdır.

Digər qabaqcıl məktəb, lisey və gimnaziyaları da bu vəziyyətə salıblar. Yaxud Gəncə, Daşkəsən, Göygöl, Goranboy kimi böyük rayonların təhsilini bir aqronoma tapşırıblar. Məktəb heç bir qruplaşmanın qurbanına çevrilə bilməz. Məktəb dəyərdir. Məktəbi qoruyan cəmiyyət gələcəyini qoruyur”.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də