Sentyabrın 27-də Daşkəsəndə Anım Günü münasibətilə rayonun 4000-dən çox sakini Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. Həmçinin icra başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarını ziyarət edərək gül düzüblər.
Anım Günündə Əhəd Abıyev şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilərlə birgə Şəhidlər Xiyabanının ərazisində ağacəkmə aksiyası keçirib, eyni zamanda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qazilərin qayğıları ilə maraqlanıb.
Daha sonra Əhəd Abıyev Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində Daşkəsən şəhər A. Mürsəlov adına 2 nömrəli tam orta məktəbin Anım Gününə həsr olunmuş tədbirində iştirak edib.
Bundan sonra icra başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Vətən müharibəsi şəhidi Ələsgərov Pərviz Lətif oğlunun 38-ci doğum günü ilə bağlı Mədənçilər qəsəbəsində Şəhidin valideynlərinin yaşadığı evdə olub. Əhəd Abıyev Şəhidin valideynləri və ailəsi ilə söhbət edib, Pərviz Ələsgərovun döyüş yolundan söhbət açıb, habelə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan danışıb. Şəhidin atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova və həyat yoldaşı Mətanət Ələsgərova ailələrinə hər zaman göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini