Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda rüşvət vermədən məktəb direktoru olmaq mümkündürmü?


Son günlər xeyli sayda orta məktəb direktorunun səs yazısı yayılıb. Həmin səs yazılarında direktorlar müəllimlərdən müəyyən məbləğdə pul vəsaitinin toplanmasını istəyir. İstəyir yox, tələb edir. Təhdidlə, şantajla, əmrlə deyir ki, bu vəsait yığılmalıdır. Alternativ yoxdur...

Müəllimlərin maaşları bəllidir. O qədər də yüksək deyil. İndi müəllim nə etməlidir?! Cavab sadədir: O da həmin pulu valideynlərdən yığmalıdır. Pramida belə qurulub.

Səs yazıları yayılan kimi həmin direktorlar hədəfə gəlir, aidiyyatı qurumlar hərəkətə keçir və direktor cəzalandırılır.

İllər əvvəl – hələ səs yazıları populyar olmadığı zamanlarda bir dövlət qurumunun yerli nümayəndəsi kommunal problemimin həlli ilə bağlı məndən rüşvət istəmişdi. Məbləğ həmin dövr üçün yüksək idi. Həm də niyə rüşvət verməliyəm, deyə özümə sual verib həmin idarənin rəisinə müraciət etdim. Ki, bəs mən bu pulu verməyəcəm, problemi həll et! Rəis dərhal həmin rüşvət tələb edən əməkdaşı işdən çıxardı. Mən bundan həqiqətən də vicdan əzabı çəkdim. İşdən çıxarılan əməkdaş mənimlə görüşdü və dedi: Biləsən ki, o pulu mən özüm üçün istəmirdim, sizdən alıb rəisə verəcəkdim. Pulu o tələb edir. Sadəcə, bizim qarşımıza tələb qoyub: Pulu elə alın ki, mənə şikayət gəlməsin!

Yəni sistem aşağı-yuxarı bu şəkildə qurulub və ölkəmizdə bunu bilməyən az adam var.

İndi sual budur ki, məktəb direktorları niyə müəllimlərdən pul yığmağa məcbur olur? Azərbaycanda onsuz da müəllimlərin nüfuzu kifayət qədər deqradasiyaya uğrayıb. Bu nüfuzu yüksəltmək əvəzinə niyə tez-tez hər kəsin nifrətlə baxdığı pul yığmaq faktları ilə gündəmə gəlməlidirlər? 

Qısa cavab yazsam, məncə onlar buna məcburdur. Buna cəmi iki yanaşma ilə rəy yazım.

Birincisi, orta məktəblər elə sosial müəssisədir ki, orada xərc hər zaman tələb olunur. Təmir pulundan tutmuş, süpürgə puluna qədər. Tanıdığım onlarla məktəb direktorları var, and-aman edirlər ki, dövlət büdcəsindən məktəbin saxlanılması üçün onlara gəlib çatan məbləğ o qədər az olur ki, heç 2-3 aylıq xərcləri də qarşılamır. Belə bir situasiyada direktor üçün həqiqətən də alternativ qalmır.

İkincisi: Burada başlığa çıxardığım sual dövriyyəyə daxil olur. Mən o qədər də məlumatlı deyiləm, lütfən bilənlər öz fikrini desin: Azərbaycanda rüşvət vermədən məktəb direktoru təyin olunmaq mümkündürmü? Əgər cavab müsbətdirsə, mən bunu alqışlayıram və təhsil sistemimizlə qürur duyuram, bu təyinata bir qəpik də pul almadan imza atan şəxsin barmaqlarından öpürəm. 

Yox, əgər cavab mənfidirsə, o zaman biz kimdən nə tələb edə bilərik ki?! Əgər sən kimdənsə rüşvət alıb onu vəzifəyə təyin edirsənsə, o zaman həmin şəxsdən mələk olmağı tələb etməyə heç bir haqqın ola bilməz. Sən pul alıb bu işi görürsənsə, pul aldığın adam da öz tabeliyində olanlardan pul yığacaq. Bu fakt ortaya çıxanda özünü meymunluğa qoymağının heç bir adı yoxdur. Öz təcrübəmdə yazdığım kimi, rüşvət alanlar öz tabeçiliyində olan şəxsləri rüşvət aldığı üçün cəzalandırır. Biz də bundan həzz alırıq, paylaşırıq, özümüzü qalib gəlmiş kimi hiss edirik. Hamımız eyni komediyanın iştirakçısı olduğumuzun fərqində deyilik. Ssenari eyni olsa da, sadəcə fərqli pərdələrdəyik. 

Hələ qarşıdan Müəllimlər Günü gəlir. Növbəti pərdə başlayır. Hədiyyənin böyüyünü alanlar, hədiyyənin kiçiyini alanlara xəbərdarlıq edəcək ki, hədiyyə almaqdan imtina etsinlər... 

Elnur Məmmədli



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də