Qismən səfərbərlik ilk növbədə 1000 km-lik təmas xəttinə və azad edilmiş ərazilərə nəzarət etmək üçün lazımdır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü “Rossiya 24” telekanalına bildirib.
"Təmas xətti - onu həm cəbhə xətti, həm də təmas xətti adlandırmaq olar - 1000 kilometrdən artıqdır. Təbii ki, bu ərazilərə nəzarət edilməlidir. Və qismən səfərbərlik ilk növbədə məhz bunun üçün aparılır”, – ordu generalı bildirib.
Şoyqu bildirib ki, Rusiyanın səfərbərlik resursu ümumilikdə 25 milyon nəfərdir, onun 1%-dən çoxu qismən səfərbərliyə cəlb olunacaq. O, hərbi ixtisasa və döyüş təcrübəsinə malik olanların səfərbərliyə cəlb ediləcəyini bildirib.
"Bizim böyük səfərbərlik resursumuz var, yəni xidmət keçmiş, döyüş təcrübəsi olan, hərbi ixtisasa malik resursu - təxminən 25 milyon nəfər. Beləliklə, qismən səfərbərlik ümumi resursumuzun 1%-i və ya bir qədər çoxu deməkdir”.
Şoyqunun sözlərinə görə, bu kateqoriyaya ordu üçün zəruri hərbi ixtisası olan şəxslər daxildir. Ümumilikdə, Müdafiə Nazirliyinin məlumatına görə, 300 min ehtiyatda olan hərbçi çağırılacaq.
Nazir əlavə edib ki, universitetlərdə təhsil alan tələbələrin hər hansı səfərbərliyindən söhbət getmir və heç bir halda getməyəcək. Həmçinin, hazırda həqiqi hərbi xidmətdə olanlar “xüsusi əməliyyat” zonasına göndərilməyə məruz qalmayacaq.
Şoyqu Rusiyanın Ukraynadakı müharibədə 5937 hərbçisinin öldüyünü qeyd edib.