Ermənistanın 23 məktəbində region dillərinin tədrisinə başlanılıb.
Bu barədə Ermənistan Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Ermənistanın dörd məktəbində Azərbaycan dili dərsləri keçirilir. Bundan əlavə, 9 məktəbdə türk, 7 məktəbdə fars və 3 məktəbdə gürcü dili tədris olunur.
Xatırladaq ki, ermənilər Azərbaycan dilini öyrənməyə başlayıblar. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan yerli mediaya açıqlamasında Azərbaycan dilini bilməyin vacibliyini önə çəkib.
"Qırx dörd günlük müharibədə azərbaycanlıların erməni dilini bir çox hallarda ləhcəsiz səviyyədə bilməsini döyüş meydanında gördük. Onlar öyrənmişdilər və indi də məktəblərdə öyrənirlər" - deyə erməni nazir bu sahədəki “boşluğu” doldurmaq istiqamətində “addımlar atıldığını” bildirib.
“Biz yuxarı siniflərdə seçmə fənn kimi türk və Azərbaycan dillərini təklif etmişdik. Məktəb direktorlarından biri ilə şagirdlərin təklifə reaksiyası barədə maraqlandım və o bildirdi ki, uşaqlar hər iki dili seçiblər. Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”.