Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşkəsəndən soraqlar : Əhəd Abıyev “Qanlı sentyabr” gecəsi Alaxnçalı sakinlərini tək qoymayıb – FOTOLAR


DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV: “DÜNƏN GECƏ QARŞI DAĞIN O BİRİ TƏRƏFİNDƏ ERMƏNİLƏRLƏ MÜHARİBƏ OLMASINA BAXMAYARAQ, DAĞIN BU TƏRƏFİNDƏ ALAXANÇALLI KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİRİK”
Bu haqda Dünyanınsəsi.Az saytına Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev tərəfindən məlumat verilib.

Sentyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ermənistanla sərhədə yaxın Alaxançallı kəndində vətəndaşlarla görüşüb. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümyandəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev səyyar qəbulda çıxış edib. O, çıxışında deyib:
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq hazırda əks tədbirlər həyata keçirir. Son günlər Daşkəsən rayonu istiqamətində də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulurdu. bu gün gecə saatlarında Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını ordumuz yüksək peşəkarlıqla uğurla alır, lazımi cəza tədbirlərini həyata keçirir, bütün sərhəd ərazisi ordumuzun nəzarətindədir. Birmənalı olaraq bildirirəm ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Dəmir Yumruğu yerindədir. Bunu heç kim unutmasın! Bütün əldə olunan bu uğurlu nailiyyətlərə görə cənab Prezidentimizə minnətdarıq!
Daşkəsən rayonu ərazisində gecə saatlarında erməni təxribatlarının qarşısının alınması üçün ordumuzun cəza tədbirlərindən dərhal sonra, gecə saatlarında Daşkəsən Rayon İcra Hakimiyyətində Rayon Polis Şöbəsinin rəsi Seymur Əfəndiyevin, Şöbəninin rəis müavini Rəşadət Qəhrəmanovun, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayevin iştirakı ilə dərhal operativ qərargah yaradılmışdır. Rayonda bütün vəziyyət nəzarətimizdədir. Daşkəsən rayonunda həyat öz normal axarında davam edir. Dünən bütün gecə qarşı dağın o biri tərəfində ermənilərlə müharibə olmasına baxmayaraq, dağın bu tərəfində, Alaxançallı kəndində biz sizlərlə görüş keçirdirik.


Eşq olsun Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevə!
Eşq olsun Azərbaycan Ordusuna!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə əvvəlki səyyar qəbullarda olduğu kimi bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən problemli məsələlərin həll edilməsidir.
Məlum olduğu kimi, bu ilin iyun ayının 10-da Daşkəsən rayonda baş vermiş dağıdıcı təbii fəlakət rayonun bir neçə kəndi ilə yanaşı, o cümlədən Alaxançallı kəndinin də yol, elektrik, rabitə təsərrüfatlarına, 4 ədəd körpüsünə, çoxsaylı yaşayış evlərinə, evlərin dam örtüklərinə ciddi ziyan vurmuş, sel suları bir sıra güclü fəsadlar törətmişdir.
Leysan yağışının yaratdığı selin vurduğu ziyanların aidiyyəti qurumlarla birgə aradan qaldırılması üçün Nazirlər Kabinetinə müraciət etmişdik. Cənab nazir Kəmaləddin Heydərovun tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qrup şəklində Daşkəsən rayonuna gələrək təbii fəlakət baş vermiş kəndlərdə, o cümlədən Alaxançallı kəndində hər bir fərdi yaşayış evinə baxış keçirərək yerində zərər aktı tərtib etmişlər. Həmin aktın əsasında hörmətli Baş Nazir aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə hal-hazırda tapşırıq vermişdir ki, təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması üçün rayona tikinti materialları ayırmaqla müvafiq köməklik göstərilsin. Lakin bu vaxtadək bizə heç bir vəsait ayrılmamış, mal-material verilməmiş, köməklik də göstərilməmişdir. Sizi əmin edirəm ki, tezliklə bu məsələ də öz müsbət həllini tapacaqdır.
Çox maraqlıdır, 7 sentyabr 2022-ci il tarixdə isə Yuxarı Daşkəsən qəsəbə sakini şəhid anası Qönçə Cəfərova qərəzli formada öyrədilərək 17 il həbs cəzası çəkmiş üzdəniraq kriminal reket jurnalist olan Quliyev Nazim Telman oğlu ilə birgə İdeal Tv-nin YouTube kanalında və müxtəlif sosial şəbəkələrdə uydurma, heç bir həqiqəti özündə əks etdirməyən çıxışlar edib rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Alaxançallı kəndinə guya hökumətin vəsait verdiyini və həmin vəsaitin bələdiyyə və icra nümayəndələri tərəfindən mənimsənilməsini həyasızcasına sözlə əsassız olaraq iddia eləyir. Əlbəttə, onun dediklərinin hamısı yalan, böhtandır, heç bir həqiqəti də əks etdirmir. Bu iki tanınmış– Qönçə Cəfərova və onun dələduz və fırıldaqçı havadarı Nazim Quliyevin məqsədi Alaxançallı kəndinə təbii fəlakətlə bağlı vəsaitin verilməsinin qarşısını almaq üçün düşünülmüş, planlı şəkildə bu ərazidə əsası olmayan yalan şayiələrlə iğtişaş yaratmaq, sabitliyi pozmaq, Daşkəsən Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirməkdir. Tərəfimizdən Qönçə Cəfərovanın və dələduz, fırıldaqçı Nazim Quliyevin qanunazidd əməlləri barədə ciddi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə respublikanın hüquq-mühafizə orqanlarına artıq müraciətlər olunmuşdur. Habelə təbii fəlakətlə də bağlı büdcədən rayona hələ də heç bir pul vəsaiti ayrılmayıb. Bu məsələ ilə bağlı hələlik köməkliyin olunmaması ilə əlaqədar hətta Administrasiyaya da məlumat vermişik.
Daha sonra Əhəd Abıyev Alaxançallı kənd sakinlərinin müraciət və tələblərini dinləyib. Sakinlərin müraciətləri əsasən Alaxançallı kəndinə təbii fəlakətin – güclü sel-sularının vurduğu ziyanların bu günədək aradan qaldırılmaması və kəndlə rayon mərkəzi arasında əlaqə yaradan körpülərin bərpa edilməməsinə dair olub. Eyni zamanda Alaxançallı kəndinin sakinləri, ağsaqqalları, ziyalıları Qönçə Cəfərovanın və Nazim Quliyevin əsassız, qərəzli çıxışlarına və qanunazidd əməllərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edilməsini tələb ediblər.
Sonda Alaxançallı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər, hər zaman cənab Prezidentin ətrafında sıx birləşdiklərini deyiblər.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də