Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təbliğatına 26 min ayıran icra başçısının “selfi” MACƏRASI



7 ay əvvəl Kürdəmir rayonuna icra başçısı təyin edilən Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin təbliğatına 26 min manat ayırıb. İcra başçısı SMM xidmətlərinin satın alınması üçün tenderdə Emin Məmmədzadə adlı şəxslə 26 400 manat məbləğində satınalma müqaviləsi imzalayıb.

Tenderin qalibi olan Emin Məmmədzadə ilə 6 aylıq müqavilə bağlanıb, qalibə hər ay 4.400, ümumilikdə isə 26 min 400 manat ödəniş olunacaq.

SMM xidməti göstərəcək fiziki şəxs icra hakimiyyətinin “Facebook” və “İnstagram” sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən təbliğat- təşviqat xarakterli materialların, həmin sosial şəbəkələrdə reklam məqsədi ilə yerləşdirilməsi işlərini görəcək.

Artıq təbliğat xarakterli fəaliyyətə start verilib. Amma sözügedən platformalarda icra hakimiyyətinin gördüyü işlərdən və fəaliyyətindən çox, Elxan İbrahimovun öz reklamı gedir.

Yeni təyin olunan icra başçısı da digərləri kimi ya “self”i çəkdirməklə, ya da əhalinin həssas təbəqəsi olan şəhid övladları ilə fotolarını paylaşaraq sanki ciddi-əhəmiyyətli iş gördüyünü diktə etməyə çalışır.

“Facebook” və “instagram”platformalarında aktiv fəaliyyəti ilə seçilən icra başçısının təbliğatına yönələn vəsaitin çoxluğu daha çox kürdəmirliləri narahat etməyə başlayıb. Bu addıma görə qınanılan və tənqid edilən icra baçısının ünvanına müxtəlif formalarda etiraz dolu şərhlər yazılır.
Bu qədər vəsaitin əslində Kürdəmir sakinlərinin problemlərinə xərclənməli olduğu, vəsaitin selfi şəkdirməkdən başqa bir işə yaramadığı qeyd edilir. 

SMM xidməti göstərəcək şəxsə aya ortalama 4 min 400 manatlıq bir büdcə ayrılması da müzakirə mövzusuna çevrilib.  Hesabların idarə edilməsi və bəsit dizaynerlərlə sadəcə icra başçısının reklamının aparılmasına çəkilən xərcin ona ayrılan gəlirə adekvat olmaması sorğulanıb.  

Görünən odur ki, 7 aydır təyin olunan Elxan İbrahimov özü ilə bərabər icra hakimiyyətinin reklama ehtiyacı olduğunu açıq-aydın nümayiş etdirir.

Halbuki görülən işlərin, həll edilən sosial-iqtisadi problemləri, həyata keçirilən vacib görüşlərin əməldən savayı reklama ehtiyacı olmamalıdır.

Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov 18 fevral 2022-ci il tarixində bu vəzifəyə təyin olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də