Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qərbi azərbaycanlılar siyahıya alınacaq - Arxiv yaradılır

Azərbaycanda yeni yaradılan “Qərbi Azərbaycan İcması” aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan İcmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib.
 
Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, rəhbəri olduğu İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmçinin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.
 
İcmanın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov təşkilatın hədəfləri haqqında danışıb. Misir Mərdanov xatırladıb ki, əvvəlki “Azərbaycan Qaçqınlar Cəmiyyəti” Qərbi Azərbaycandan qovulan şəxsləri birləşdirən təşkilat idi:
 
“İndi isə müasir tələblərə uyğun bir quruma çevrildi. Bura daha təcrübəli, səriştəli insanlar cəlb edilib. İş şəraiti də yaxşılaşdırılıb, yeni bina verilib, icmanın fəaliyyəti üçün şərait tamamilə dəyişib. Əvvəllər cəmiyyətin, ölkə rəhbərliyinin əsas diqqəti Qarabağ məsələsinə yönəlmişdi. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, münaqişəni biz həll etdik. İndi isə diqqətimiz tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda olduğundan cəmiyyətin qarşısında ciddi məsələlər dayanır. Mənə belə gəlir ki, bu cür yeniləşmə zamanın tələbi idi.
 
Hazırda icmanın Müşahidə Şurasının sədriyəm. İcma tam strukturda fəaliyyətini gücləndirib. İdarə Heyəti, Ağsaqqallar Şurası, Məsləhət Şurası, Qadınlar Şurası, Beynəlxalq Əlaqələr Şurası və s. strukturlar üzərinə düşən vəzifələr müəyyən edilib. Daha ciddi və sistemli şəkildə işimizi qurmuşuq.
 
İcmanın fəaliyyət göstərdiyi binada müasir tələblərə uyğun arxiv, kitabxana, muzey yaradılacaq. Biz vaxtilə Qərbi Azərbaycan torpaqlarından qovulan sakinlərin, şahidlərin dediklərini qeydə almamışıq, sənədləşdirməmişik. İndi də gec deyil. Elə azərbaycanlılar var ki, həyatdadırlar, hadisələri öz gözləri ilə görüblər. Ona görə, həmin şahidlərin dedikləri səsyazısı, video şəklində icmanın arxivində saxlanılacaq. Binada sərgilər keçirmək, kitablar təqdim etmək niyyətindəyik. Qərbi azərbaycanlıların böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar. Onlarla əlaqə qurmaq üçün Beynəlxalq Əlaqələr Şurası fəaliyyət göstərəcək. Yaxın vaxtlarda icmanın elektron saytı da fəaliyyətə başlayacaq. Bütün məlumatlar burada onlayn əks olunacaq. Görülməli işlər çoxdur”.
 

Misir Mərdanov xüsusilə qeyd edib ki, Qərbi azərbaycanlılar müharibə istəmir, heç kimin torpaqlarına göz dikməyib:
 
“Amma hədəfimiz, gələcək məqsədimiz budur ki, öz dədə-baba torpaqlarımıza gedə bilək. Doğmalarımızın məzarlarını, abidələrimizi ziyarət edək, tariximizin hazırda nə durumda olduğunu gözlərimizlə görək. Yaxın gələcəkdə olmasa da nə zamansa, o torpaqlara qayıdacağıq. İrəvan da, Zəngəzur da, Qaraqoyunlu da bizimdir”.
 
Qərbi azərbaycanlıların siyahıya alınmasına gəlincə, sabiq təhsil naziri vurğulayıb ki, indiyə qədər fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin arxivlərində, bazasında dəqiq olaraq hansı rayonlardan, hansı kəndlərdən kimlər köçürülübsə, siyahısı var. Amma bu siyahıya yenidən baxmaq lazımdır:
 
“34 il vaxt keçib və ötən illər ərzində Qərbi azərbaycanlıların sayı artıb. Gənc nəsil ata-baba yurdu haqqında dəqiq məlumata malik olmalıdır. Ermənilərin bizim orada yaşayan insanların başına açdığı oyunlar, onları yandırması, öldürməsi haqqında olan məlumatlar genişləndirilməli, dəqiqləşdirilməlidir.
 
Mən 10 il yaxındır, bir kitab üzərində işləyirdim. Onu tamamlayıb, çapa vermişəm, sentyabrın axırına hazır olacaq. Kitabda yaşadığımız Qaraqoyunlu dərəsi, kəndləri, orada yaşayan insanlar, məktəblər, müəllimlər və s. haqqında dəqiq məlumatlar qeyd edilib. Mənə elə gəlir, hər kəs öz yaşadığı regionla, Qərbi Azərbaycanın bir bölgəsi ilə bağlı ətraflı yazıları, məlumatları təqdim etməlidir.
 
Çox kitablar yazılıb, amma geniş yayılmayıb, təqdim edilməyib. Biz hesab edirik ki, mövcud faktları cəmiyyətə tanıtmalı, təqdim etməliyik. İnsanlar o torpaqlar, tarixi, mədəniyyəti, abidələri haqqında geniş, dolğun məlumat ala bilməlidirlər. Daimi fəaliyyət göstərəcək muzeyimizdə həm azərbaycanlılara, həm də xaricdən gələn qonaqlarımıza bütün faktlar göstəriləcək. Nəzərdə tutulan işlər çoxdur, yeni mövsümdən icmada bizi gərgin fəaliyyət gözləyir”.  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də