Azərbaycan və Qazaxıstan əlaqələri gələcəkdə də ən yüksək səviyyədə davam edəcək
Azərbaycan və Qazaxıstan müstəqillik qazandıqları gündən indiyə kimi istər regionda və istərsə də beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Təkcə dövlətlərarası sənədlərdə deyil, real həyatda da Qazaxıstan Azərbaycan Respublikasına dəstəyini hər zaman hiss etdirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduğunu və bu istiqamətdə real addımlar atdığını avqustun 24-də Azərbaycana rəsmi səfəri zamanı bir daha təsdiqlədi. Kasım-Jomart Tokayev Prezident cənab İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlərində ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair mühüm sənədlər imzalayıblar.
İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.
Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan ölkələrinin nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planları var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə müzakirələr aparılır. Gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur. İnvestisiya sahəsində də böyük perspektivlər var.
Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə davam edəcək.
Sevda Mərdanova,
YAP Gəncə şəhər təşkilatının partiya fəalı