DAŞKƏSƏNDƏ ŞƏHİD VALİDEYNLƏRİ VƏ QAZİLƏR ÜÇÜN YENİ TİKİLMİŞ GÖRÜŞ YERİ VƏ ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİNİN AÇILIŞI KEÇİRİLİB FOTOLAR
Avqustun 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Daşkəsən Şəhidlər Xiyabanında yeni tikilmiş şəhid ailələri və qazilər üçün görüş yerinin və Daşkəsən Şəhidlərinin xatirə guşəsinin izdihamlı açılışı olub.
Açılışda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Eşlad Mirbəşiroğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar, ağsaqqallar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi, Quru Qoşunlarının Hərbi Orkestrinin ifasında Dövlət Himnimizin səsləndirilməsi və şəhid məzarlarına gül dəstələrinin düzülməsi ilə başlanan açılış mərasimində icra başçısı Əhəd Abıyev çıxış edib. O, çıxışında deyib:
- Bugünkü görüşümüzdə sizlərlə birgə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyəsinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən yeni tikilmiş Daşkəsənin bütün Şəhidlərinə həsr olunan xatirə guşəsinin, habelə şəhid ailələri və qazilər tədbirlərini keçirmələri üçün bu görüş yerinin açılışını qeyd edirik.
Bizim şəhidlərimiz Azərbaycanımızın ərazi bütövlüyü, Vətənimizin gələcəyi uğrunda qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəlmişlər. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə həmişə əbədi olaraq yaşayacaqdır.
Daşkəsənin şəhid ailələrinə və qazilərinə hər zaman göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya siz şəhid ailələri və bütün daşkəsənlilər adından bir daha da dərin ehtiramla minnətdarlığımızı bildiririk.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli sərkərdəliyi, xilaskar liderliyi, qətiyyətli uğurlu siyasəti ilə təkcə hərb meydanlarında olan qələbəsi ilə deyil, həm də informasiya müharibəsində - bütün cəbhələrdə qalib gəldi, illərlə erməni vəhşiliyinə göz yumanlara Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə etməsini, Qarabağın bərpa olunmasını, xilaskar lider kimi dünyaya əsl, real həqiqətləri qəbul etdirməyə nail oldu. O cümlədən əsgər və zabitlərimizin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Vətən müharibəsində düşmən üzərində inamlı qələbə ilə nəticələndi; Ermənistan ordusu darmadağın edildi, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə geri alındı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Bu ilin avqustun 3-də ordumuz Qarabağda uğurlu "Qisas" əməliyyatı başlatdı. Öz hədəflərinə çatan "Qisas" əməliyyatı təxribatçılara qarşı təsirli cəza tədbiri idi. “Qisas” əməliyyatı bütün dünyaya bir daha əyani sübut etdi ki, Prezidentimiz cənab İlham Əliyevin Dəmir Yumruğu hər zaman yerindədir və heç kim də bunu unutmamalıdır. Belə ki, ölkə başçımız cənab İlham Əliyev bu əməliyyatını belə izah etmişdir: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz…"
Bildiyiniz kimi, avqustun 26-da isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürüldü. Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək qətiyyəti, parlaq diplomatiyası və rəşadətli ordumuzun hünəri sayəsində mümkün olmuşdur.
Artıq Laçında Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük uğurlu qələbədir. Bu qələbə münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün ərazi, bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da hər bir şəhid ailəsinə, qazi və müharibə iştirakçılarına xüsusi diqqətlə qayğı göstərilir, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə əməli tədbirlər həyata keçirilir. Şəhid ailələrinə, müharibə veteranlarına Prezident təqaüdünün verilməsi, onların evlə, maşınla təmin olunması və digər imtiyazlar, həmçinin indi sizlərlə iştirakçısı olduğumuz Daşkəsən Şəhidlərinin əziz xatirəsinə həsr olunan bugünkü açılışlar da buna əyani sübutdur.
Prezident cənab İlham Əliyevin yaxın silahdaşı kimi müasir hüquqi dövlət quruculuğu siyasətinə öz layiqli töhfələrini verən, Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirən, humanizm, mərhəmət, vətənpərvərlik və xeyriyyəçilik missiyası ilə ictimaiyyətdə böyük nüfuz qazanmış Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsində yaralanmış qəhrəman əsgər, zabit və qazilərimizin müalicəsini birbaşa öz nəzarətinə götürməsi, ən yüksək tibbi xidmətlərlə köməkliklər göstərməsi, onların xaricdə müalicə olunmalarını təşkil etməsi xalqımız tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi bütün şəhid və qazi ailələrinə çoxsaylı xeyriyyəçilik, maddi və mənəvi dəstək tədbirləri, onların sosial-məişət problemlərini həll etməsi hörmətli Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə sadiqliyinin, Vətənə olan sevgisinin ifadəsidir.
Daşkəsən rayonuna daima göstərdikləri diqqət və qayğıya görə bir daha da möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk.
Ölkəmizdə sülh və sabitlik həmişəlik bərqərar olsun. Vətəndaşlarımıza əmin-amanlıq və firavan həyat arzulayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Yaşasın bizə bu qələbənin sevincini bəxş edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!
Yaşasın Azərbaycan!
Qarabağ – Azərbaycandır!
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin giriş nitqindən sonra çıxış edən millət vəkili Elşad Mirbəşiroğlu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbə sevincini yaşadığını və xalqımızın şəhidləri ilə hər zaman qürur duyduğunu vurğulayıb.
QMİ-nin qazilər şurasının üzvü Hacı Tahir Abbasov isə ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə daima qayğı göstərildiyini, həmçinin Daşkəsən Şəhidlər Xiyabanında istifadəyə verilən yeni tikilinin və guşənin də bu amala xidmət göstərdiyini deyib.
Şəhid ataları Etibar Cəfərov, İlham Cabbarov, şəhid anaları Kifayət Haxverdiyeva, Qızbəs Abbasova, qazilər adından Ceyhun Əliyev çıxış edərək onlara hər zaman göstərilən həssas münasibətə, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İcra başçısı Əhəd Abıyev sonra şəhid valideynləri ilə çay süfrəsi arxasında görüş keçirib, onlarla söhbət edib, bir daha da qayğıları ilə maraqlanıb.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini