Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Xankəndiyə gedib dərs demək istəyirəm" - Sabiq deputat

“Mən vaxtilə təhsil aldığım müəssisədə - Xankəndidəki Nizami adına 4 saylı orta məktəbdə müəllim işləmişəm. Əgər məni yenidən müəllim kimi götürsələr, təbii ki, Xankəndidə dərs demək istəyərəm. İndi 65 yaşı olan kimi müəllimlər işdən uzaqlaşdırılır. Amma inşallah, biz yenidən o torpaqlara qayıdanda, dərs deməsəm də, gedib orada görüşlər keçirəcəyəm. Mənim orada dərs dediyim uşaqların neçəsi indi müəllimdir. Yəqin ki, şagirdlərim orada dərs deyəcəklər. Oxuduğumuz məktəbi görmək istəyərəm”.
 
Bunu Milli Məclisin sabiq deputatı, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımı Flora Qasımova bildirib.
 
O bildirib ki, Xankəndiyə yüksək səviyyəli kadrlarla getməliyik:
 
“Çox arzulayıram ki, yüksək, hazırlıqlı kadrlarla doğma torpaqlarımıza gedək. Mən deputat olan zaman qarşıma qoyduğum məqsədlərdən biri bu idi. İndi dövlət qulluğunda işləyənlər arasında Xankəndidən olanlar azdır, çalışmalıyıq ki, kadrlarımızı gücləndirək. Mən həmişə deyirdim ki, biz qayıdacağıq, amma hansı kadrlarla, kim orada işləyəcək?
 
Xankəndidən olanlar yalnız öz torpaqlarına qayıtmaq istəyir. Çox maraqlıdır, 44 günlük müharibədən sonra Şuşa azad olunanda bizimkilərdən soruşurdular ki, "Şuşaya qayıdarsanmı?". Onlar da deyirdilər ki, "yox, biz Xankəndiyə getmək istəyirik". Mənim qardaşım həmişə deyir ki, biz sadəcə öz evimizə getmək istəyirik”.
 

Flora Qasımova Xankəndiyə gedəndə reallaşdırmaq istədiyi arzulardan da danışıb:
 
"Birincisi qəbiristanlığa getmək istəyirəm. Biz orada olanda qəbirsanlığımız dağılmışdı, Şirinin (həyat yoldaşı Şirin Mirzəyev-red.) atasının qəbrinin bir hissəsini Kərkicahana aparmışdıq. İlk olaraq gedib Şirinin atasının, qohumlarının qəbrlərini ziyarət etmək istəyirəm. Şirin həlak olandan sonra paltarlarının bir hissəsini saxlamışam, deyirdim ki, paltarları atasının yanında basdıracam. 30 ildən çox vaxt keçib, hələ də o paltarlar məndədir.  Ona görə də birinci qəbiristanlığa sanlığa gedəcəm.

İkinci isə uşaqlığımın keçdiyi Kərkicahan qəsəbəsinə gedərəm. Mən oradan beşinci sinifdə oxuyanda çıxmışam, amma hələ də hamının evini tapa bilərəm. Hər şey o qədər dəqiq yadımdadır... İnşallah, yəqin ki, biz gələn payız Xankəndiyə gedə biləcəyik. Çoxu bu dünyadan torpaq həsrətilə getdi, amma qismət olsa, balaları, nəvələri o yerləri görəcək. Addım-addım o torpaqlara doğru gedirik. Heç kimin ah-naləsi üzərinə xoşbətlik qurula bilməz. Ermənilər bilməliydilər ki, 1 milyon qaçqın-köçkünün ahı onları tutacaq? Bizim neçə ildir ki, əziyyət çəkənlərimiz var. Onlar indi qanunsuz yaşadıqları evləri yandırırlar, amma biz heç birinə əl vurmamışdıq. Çünki bilirdik ki, ora qayıdacağıq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də