Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qisas”ımızı aldıq: Daha nələr olacaq? - Ermənilərin şansı qalmadı

Prezident İlham Əliyevin avqustun 12-də İsmayıllının Basqal qəsəbəsində AzTV-yə verdiyi müsahibə mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı müsahibəsində bir çox nüanslara toxundu, həmçinin Qarabağda baş verən son erməni təxribatlarından danışdı.
 
"Qisas" əməliyyatının cəza tədbiri olduğunu söyləyən Ali Baş Komandan Ermənistana və onun havadarlarına növbəti dəfə xəbərdarlıq edərək, onları təxribatlardan əl çəkməyə çağırdı, habelə, heç kimin Azərbaycanın qarşısını ala bilməyəcəyi mesajını ünvanladı.
 
Dövlət başçısının son müsahibəsində səsləndirdiyi fikirlər barədə danışan Milli Məclisin Təhlükəsizlik siyasəti, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Prezidentin Ermənistana xəbərdarlıq etməsi ilk dəfə deyil.
 
Uzun müddət ərzində ermənilərə xəbərdalıq edildiyini vurğulayan deputat İrəvanın Bakının mesajlarından nəticə çıxarmalı olduğunu nəzərə çatdırıb.
 

 
Parlament üzvünün sözlərinə görə, Prezident avqustun 12-də verdiyi geniş müsahibəsində növbəti dəfə Ermənistan və ermənilərlə bağlı məsələyə aydınlıq gətirdi:
 
“Xəbərdarlıqlarımız erməni təxribatlarına son qoyulması, separatçılar, qeyri-qanuni silahlı birləşmələrin, eyni zamanda. qeyri-qanuni məskunlaşan ermənilərin ərazilərimizdən çıxıb getməsi ilə bağlıdır. Bu prosesə artıq Laçın şəhərinin mərkəzində, Zabux və Sus kəndlərində başlanılıb. Qeyri-qanuni məskunlaşmalar başqa ərazilərimizdə də var. Onlar da təmizlənməlidir. Yəni bunlar deyilir, qarşı tərəfə xəbərdarlıq edilir. Ağlı başında olanlar xəbərdarlıqdan nəticə çıxarır. Ağlı başında olmayanlara da hərbi güc tətbiq etməklə dərs veririk. “Qisas” əməliyyatı buna nümunədir. Bu, təkcə ermənilərə yox, həm də onlara ümid verib, himayə edən, hələ də ərazilərimizdə silahlı birləşmələrin qalmasına şərait yaradanlara da ciddi xəbərdarlıqdır. Bu ərazi bizimdir. Biz öz ərazilərimizi separatçılardan təmizləyəcəyik".
 
Bundan əlavə, deputat Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığını bildirib:
 
"Biz 30 ilə yaxındır ki, BMT-nin həyata keçirə bilmədiyi müvafiq qətnamələri 44 gün ərzində yerinə yetirdik. Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçir. Sülhməramlı adı ilə gəlib ərazimizə keçiblər. Separatçıları, qeyri-qanuni silahlı birləşmələri himayə edib, onlarla əməkdaşlıq edirlər. Biz məcbur olacağıq ki, sülhməramlıların da missiyasını yerinə yetirək. Əslində antiterror əməliyyatları vasitəsilə bunu həyata keçiririk. Bundan sonra da ərazilərimiz həm separatçılardan, həm də onların himayədarlarından azad ediləcək. Biz öz ərazilərimizin hamısına nəzarəti bərpa edəcəyik.
 
Cənab Prezident çıxışlarında bu məqamları diqqətə çatdırır, xəbərdarlıqlar edir. Onlara başa salır ki, biz bunu etmək gücündəyik. Edə bilərik. Ancaq istəmirik ki, müharibə yenidən alovlansın”.
 

 
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, Prezidentin növbəti çıxışı zamanı səsləndirdiyi fikirlər həmişəki kimi konseptualdır, Azərbaycanın milli maraqlarına və günün tələblərinə cavab verir:
 
"Cənab Prezident həm Azərbaycanın daxili, həm də beynəlxalq müstəvilərdə Azərbaycan-Ermənistan münasibətlərinə dair prinsipial mövqeyini ortaya qoydu. Bu mövqe əvvəldən də aydın idi. Ancaq görünən odur ki, Ermənistan tərəfi il yarım bundan əvvəl imzalanmış üçtərəfli bəyannaməni yerinə yetirməkdən boyun qaçırır. Rəsmi şəkildə buna "yox" deməsə də, ancaq əsas olan sülh müqaviləsinin bağlanması, Zəngəzur dəhlizinin açılmasıdır. Lakin biz görürük ki, atəşkəs prosesi Ermənistan tərəfindən vaxtaşırı pozulur".
 
Deputatın fikrincə, Prezident xəbərdar etdi ki, Ermənistanın atdığı hər addıma qarşı Azərbaycan tərəfindən daha ciddi, daha ağır cavab veriləcək:
 
“Sonuncu “Qisas” əməliyyatının keçirilməsi nəticəsində Ermənistan sarsıdıcı zərbə aldı. Azərbaycan öz ərazisində olan daha bir yüksəkliyi nəzarətə götürdü. Bununla Ermənistan Azərbaycanla odla oynamamalı olduğunu anladı. Hesab edirəm ki, cənab Prezidentin prinsipsal mövqeyi Ermənistanı normal qonşuluq əlaqəsi qurmağa məcbur etməlidir. Təəssüf ki, Ermənistan bunu könüllü formada etmək istəmir. Ermənistan bu gün ancaq güc göstərilməsi ilə nəyisə dərk edə bilir. Bu səbəbdən Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı, hərbi təxribatlar törətməməyi gözləyirik”.
 

Deputat hesab edir ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır:
 
“Dəhlizin açılması ilk növbədə Ermənistanın maraqlarına cavab verir. İstənilən halda Ermənistan və onu himayə edən xaricdəki qüvvələr anlamalıdır ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan möhkəmlənib. İndi Azəbaycan müstəqil dövlətçilik imkanından istifadə edir və müstəqil dövlətçilik şəraitində erməni millətçilərinin bizim tariximizə, torpağımıza, mədəniyyətimizə iddiası iflasa uğrayıb.
 
Bizim öz ərazimizdə istənilən əməliyyatı həyata keçirməyə hüququmuz çatır. Heç təsadüfi deyil ki, “Qisas” əməliyyatı beynəlxalq birlik tərəfindən mənfi münasibət almadı. Bizim ərazimizdə əsgərimizə qarşı törədilən təxribata lazımi cavab verildi. Azərbaycan Prezidenti növbəti dəfə xəbərdarlıq etdi ki, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları bütün Azərbaycan vətəndaşlarının hüquqları kimi qorunacaq. Bu baxımdan ermənilər status, muxtariyyət fikrindən uzaq olmalıdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də