Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib

Laçının Zabux kəndində qanunsuz məskunlaşmış 14 erməni ailəsi Ermənistanın Zəngəzur vilayət administrasiyasına müraciət edib.

Bunu “Sputnik Ermənistan”a Zəngəzur qubernatorunun müavini Nare Qazaryan deyib. Onun sözlərinə görə, həmin ailələr Zabuxdan Zəngəzura köçmək istədiklərini bildiriblər.

Xatırladaq ki, “Laçın dəhlizi”nə çəkilən alternativ yolun istifadəyə verilməsilə əlaqədar Laçın rayonunun Zabux və Sus kəndləri, eləcə də Laçın şəhərində qanunsuz yaşayan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar. Azərbaycan tərəfi onlara yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-dək vaxt verib.

Zəngəzurun vitse-qubernatorunun sözlərinə görə, bir həftədir vilayət qubernatorunun tapşırığı əsasında bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılıb.

"Hazırda Ağavnodan (Zabuxdan-red.) olan 14 ailə Sünikdə (Zəngəzurda-red.) məskunlaşmağa hazırlaşır, onlar hələ hansı kənddə yerləşəcəklərinə qərar verməyiblər”, – Qazaryan bildirib. O, Laçın şəhərindən çıxacaq daha iki ailəni də gözlədiklərini deyib.

Nare Qazaryanın sözlərinə görə, Qarabağdan gələnlər üçün yerləşdirmə və yükdaşıma məsələsi indi aktualdır. Vilayət rəhbərliyi insanların əşyalarını daşıması üçün yük maşını və yanacaq verməyə çalışır.

Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, Zabux, Sus və Laçın şəhərindən köçənlərə aylıq 40 min dram (təxminən 100 dollar) məbləğində dəstək veriləcək. Onlar bu məbləği mənzil məsələsi həll olunana qədər alacaqlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də