Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ürək xəstəliyinin qurbanı olan jurnalistlər - SİYAHI+FOTOLAR

Qəfil ürəktutması… Bu sözü tez-tez eşidirik. Müşahidələr onu deməyə əsas verir ki, ürəktutmasından ölüm xeyli cavanlaşıb. İndi hətta 25 yaşlı gənclərin belə, qurban olduğunu söyləyə bilərik. 

Rəsmi statistikaya görə, Azərbaycanda hər il 40 mindən çox adam ürək qan-damar xəstəliklərindən ölür.  

Son zamanlar ürəktutmasından ölümünə sarsıldığımız şəxslər sırasında jurnalistlər də az deyil. Dünyasını dəyişən qələm sahibləri arasında həyatdan erkən köçənlərin olması isə təəssüf doğurur. 

Deyirlər jurnalistlər həm özlərinin, həm də başqalarının ağrıları ilə yaşamalı olur... Müxtəlif insanların ağrı-acısını dinləmək jurnalisti digər yaradıcı şəxslərdən fərqləndirən cəhətlərdən biridir. Öz problemlərilə yanaşı, başqalarının da qayğılarını ürəyinə salır, ürək isə hər ağırlığa dözmür. Amma sözsüz ki, ürək xəstəliyinin başqa səbəbləri də var...
 
KİV işçiləri arasında ürək xəstəliyinin ən son qurbanı tanınmış jurnalist Araz Zeynalov oldu. İnfarkt keçirdikdən sonra 1 ildən çox müddətdə kardioloji xəstəliklə mübarizə aparan ustad həmkarımız təəssüf ki, avqustun 3-də dünyasını dəyişdi...

Araz müəllim "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində, “Vesti.az” saytında çalışıb.
 


Daha əvvəl ürəktutmasından dünyasını dəyişən jurnalistlərin siyahısını təqdim edirik:

2021-ci il sentyabrın 20-də rusdilli Caliber.az saytının əməkdaşı Zaur Mehdiyevin 31 yaşında həyata əlvida deməsi onu tanıyan hər kəs üçün ağır sarsıntı olmuşdu.
 


2021-ci il sentyabrın 25-də "Bu gün" qəzetinin kommersiya direktoru Nizami İsmayılovun da ürəyi gənc yaşında qəfil dayanmışdı. Hadisədən iki gün öncə doğulduğu Laçın rayonunun Dəhyan kəndinə gedib-gələn Nizami İsmayılov dədə-baba yurdunun işğaldan azad olunmasına doyunca sevinə bilməmişdi.
 


2021-ci il sentyabrın 27-də “De Media” internet platformasının fotoreportyoru Elgün Qasımzadə 25 yaşında həyata əlvida etmişdi. Yenə qəfil ürəktutması…
 


Mərhum jurnalist, tanınmış publisist, vaxtilə "Gənclik" jurnalında, "Şans", "Ulus", "Xalq qəzeti"ndə çalışmış Hüseyn Əfəndi yəqin ki, həmkarlarının xatirindədir. Onun  ömürünün yarıda kəsilməsinə ürək xəstəliyi səbəb olmuşdu. Hüseyn Əfəndi 2005-ci ilin 22 dekabrında vəfat edib. 50 yaşında həyatla vidalaşan Hüseyn Əfəndi bir neçə kitabın da müəllifi idi. 
 


Türkiyənin “İhlas” xəbər agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri, gənc jurnalist Müşfiq Nadir 17 may 2011-ci ildə dünyasını dəyişib. İstanbuldakı xəstəxanalardan birində açıq ürək əməliyyatı keçirən 36 yaşlı  jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
 


2011-ci il avqustun 10-da “Həftə içi” qəzetinin redaktoru Ceyhun Nağı evdən çıxarkən halı pisləşib. Onu 6 saylı xəstəxanaya aparıblar. Ancaq gənc həmkarımızın həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb ürək çatışmazlığı olub.
 

 
2016-cı ildə “Lider” TV-nin müxbiri İlqar Qulusoy axşam saatlarında dostları ilə “Azərbaycan” nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfildən yıxılıb. Dostları nə baş verdiyini anlayana qədər o, dünyasını dəyişib. İlqar Qulusoy ürəktutmasından vəfat etmişdi.
 


2017-ci ilin noyabrında APA TV-nin əməkdaşı Natiq Qədimov ailə üzvlərinin əhatəsində - süfrə başında ürəktutmasından vəfat edib. Onun 41 yaşı vardı.
 


23 Yanvar 2018-ci il - "Vesti.az” saytının müxbiri Nicat Məlikov mağazaya gedərkən ürəyi tutub və elə küçədəcə keçinib. Həmkarımız 39 yaşında dünyadan köçmüşdü.
 


2018-cil fevralın 12-də 39 yaşlı jurnalist Kamran İsrafilov qəfildən dünyasını dəyişib. K.İsrafilov səhər saatlarında işə gedərkən halı pisləşərək, yerə yıxılıb. Yaxınlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, İctimai Televiziyada uşaq və digər verilişlərdə aparıcı olub.
 

 
11 yanvar 2019-cu il - “Cümhuriyət” qəzetinin əməkdaşı Məzahir Aşırov dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, Məzahir Aşırov ürəktutmadan vəfat edib. Mərhum 60 yaşında idi.
 


29 iyul 2021-ci il tarxində yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Hacıyev 67 yaşında ürək tutmasından dünyasını dəyişib. O, “Xalq qəzeti”, “Səhər”, "Azərbaycan", "Həyat", "Odlar Yurdu" qəzetlərində, AZƏRTAC-da çalışmışdı.


28 dekabr 2021-ci il tarixində jurnalist Bəxtiyar Səfərov dünyasını dəyişib. Səbəb yenə ürəktutması... Bəxtiyar Səfərov uzun müddət "Exo” qəzetində çalışıb. "Exo” fəaliyyətini dayandırandan sonra müxtəlif KİV-lərlə əməkdaşlıq edib. Jurnalistin sonuncu iş yeri rusdilli Minval.az saytı idi.



10 iyul 2022-ci il... Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist-etnoqraf Ənvər Çingizoğlu (Fərəcov) dünyasını dəyişib. 60 yaşlı Ənvər Çingizoğlunun ölümünə səbəb qəfil ürəktutması olub. Mərhum Ə.Çingizoğlu AzTV-nin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də