Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səfirliyimizə hücum edənlər kimlərdir? - ŞOK FAKTLAR

Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. 
 
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
 
Hücuma görə məsuliyyəti Londonda mənzillənən "The Mahdi Servants Union" (Mehdinin qulluqçuları) adlı radikal dini qruplaşma öz üzərinə götürüb. Bu barədə qrupun sözçüsü özünün "Twitter" səhifəsində yazıb.
 

 
Məlumat üçün bildirək ki, radikal dini qrup 2004-cü ildə yaradılıb. Mərkəzi Londonda yerləşir. Qrupa Yasir əl-Həbib rəhbərlik edir.
 
Yasir əl-Həbib İran hökumətinə qarşı düşmənçilik mövqeyi sərgiləyir və İranın ali rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid hesab edir.
 
Yasir əl-Həbib əslən Küveytdəndir və Londonda yaşayır. O, 1979-cu il təvəllüdlüdür. Əl-Həbib dini fəaliyyətə Küveytdə “Dava” partiyasının üzvü kimi başlayıb, daha sonra “Xoddam əl-Mehdi” adlı dini təşkilat yaradıb. Sünni məzhəbinə nifrət aşılayan Yasir əl-Həbib radikal baxışlarına görə həbs olunub. 
 

 
O, 2004-cü ildə əfv olunaraq azadlığa buraxılıb. Yenidən həbs təhlükəsi ilə üzləşən radikal din xadimi Küveytdən qaçaraq, İraq və İranda gizlənib, daha sonra Londona üz tutub. 
 
Mətbuatda "London şiələri" adlandırılan qruplaşma İrandakı dini rejimə qarşı mübarizə apardığını gizlətmir. İslamın sünni məzhəbinə qarşı radikal mövqedə olan qrup bir sıra telekanallara sahibdir.
 
Son məlumatlara görə, səfirliyə hücum edən şəxslər artıq London polisi tərəfindən saxlanılıb. Hazırda faktla əlaqədar araşdırma aparılır.
 
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də