Tovuz rayonunda Hüseynovlar ailəsinin dörd oğlu 44 günlük Vətən müharibəsində ön cəbhədə vuruşub. Onlar rayonun Dondar Quşçu kəndindən olan dörd qardaş - Səməd, Afiq, Elnur və Kamran Hüseynovlardır. Qardaşlardan üçü zabit, biri isə müddətdən artıq xidmət edən (MAXE) hərbçidir.
Bu barədə “Qafqazinfo”ya hərbçilərin atası Mahir Hüseynov məlumat verib.
“Oğlanlarım Vətən uğrunda döyüşüblər, öz borclarını yerinə yetiriblər. Böyük oğlum Səməd Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib, mayordur. İkinci oğlum Afiq MAXE-dir, 2014-cü ildən artilleriya sürücüsüdür. Üçüncü oğlum Elnur da əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseyi, sonra isə Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. Döyüşlərdə düşmən təyyarələrinin havada məhv edilməsində onun da xidmətləri var, mayordur. Ən kiçik oğlum Kamran da qardaşları kimi Cəmşid Naxçıvanski adına hərbi liseyi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib, leytenantdır. Hazırda helikopter pilotudur”.