Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş Nazir Şuşa ilə bağlı QƏRAR İMZALADI

“Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi” təsdiq edilib.
 
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Qərara əsasən, Qoruğun mühafizə zonasının sərhədləri Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Qoruğun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyət kəsb edən ərazilərdə tarix və mədəniyyət abidələrinin mühafizəsini, bədii-estetik görkəmini, onların təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
 
Mühafizə zonasının hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə mühafizə rejiminin tətbiq edildiyi sahə hesab ediləcək.
 
Qərarla mühafizə zonasının mühafizə rejiminin xüsusiyyətləri müəyyən edilib.
 
Mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.
 
Mühafizə zonasının təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilmir.
 
Mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra - İdarə) tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.
 
Mühafizə zonasında siyahısı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna Əlavədə nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsinə yol verilmir.
 
Mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.
 
Mühafizə zonasında “Reklam haqqında” qanunun tələblərinə uyğun olaraq İdarənin razılığı ilə reklam yerləşdirilə bilər.
 
Mühafizə zonasında mühəndis-kommunikasiya xətləri çəkilərkən və ya təmir-inşaat işləri aparılarkən, zəruri texniki təhlükəsizlik və yanğından mühafizə tədbirləri görülməlidir.
 
Hüquqi və fiziki şəxslər mühafizə zonasında bu Sənəddə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş tələblərə və məhdudiyyətlərə əməl etməlidirlər.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin