Gənc tarzən Rüstəm Müslümov qələbəmizlə bağlı öz xoş təəssüratlarını bölüşüb. R.Müslümov Moderator.az-a açıqlamasında xarici səfərləri zamanı öz ifasıyla düşməni daim muğamımızı tərifləməyə məcbur etdiyini bildirib:
“Xarici səfərlərimizdə ermənilərlə bağlı maraqlı hadisələr çox olub. İndi bir çoxunu xatırlamıram. İyul ayında biz Amerikaya səfər etmişdik və karantinə görə yollar bağlı olduğu üçün 3 ay 4 gün orda qaldıq və sonra Azərbaycana qayıtdıq. Biz artıq dördüncü ildir ki, Amerikaya festivala gedirik. Orda musiqi kino festialı keçirilir. 2015-ci ildə festivalda “Bayatı-şiraz” muğamını ifa edirdim. Adətən biz ifa zamanı zala baxmırıq. Həmin vaxt qəfildən gördüm ki, birinci sırada bir nəfər əyləşib və diqqətlə bizə qulaq asır. Buna baxanda əliylə mənə əla işarəsi elədi. Mən də bir az gülümsədim və ifama davam etdim. Daha sonra biz səhnənin arxasına keçəndə bir çox ölkə vətəndaşları gəlib bizim muğamımızla maraqlanırdılar. Həmin adam da gəlib mənimlə görüşüb musiqimizin, mətbəximizin gözəl olduğunu deyib getdi. O adam gedəndən sonra mənim ingilis dostum dedi ki, “sən bilirsən o, kimdir?” Dedim ki, yox. Dedi ki, “o, sizin düşməninizdir, ermənidir”. Biz festivallarda olanda ermənilər də bizim musiqimizi alqışlayırdılar”.
R.Müslümov hətta döyüşlərə qatılmaq üçün könüllü olaraq müraciət etdiyini də bildirib:
“İkinci Qarabağ Savaşı başlayan zaman mən də könüllü olaraq yazıldım və bir neçə dəfə də döyüşə getmək üçün səfərbərliyə müraciət etdim. Amma bilirsiniz ki, Azərbaycanımızın güclü ordusu olduğu üçün buna ehtiyac olmadı. Sadəcə dedilər ki, gözləyin, ehtiyac olarsa, xəbər edəcəyik”.
R.Müslümov qələbə xəbərimizdən də danışıb və şəhidlərimizin qarşısında baş əydiyini deyib:
“Əlbəttə, bu qələbəni əldə etmək bizim üçün asan başa gəlmədi. Hər gün 18 yaşlı gənclərimizin şəhid xəbərini eşidəndə çox sarsılırdım. Biz bu torpaqları həmin o şəhidlərimizin qanı hesabına aldıq. Şükür Allaha ki, qələbə bizimlə oldu. Allah vətənimizi, Ali Baş Komandanımızı qorusun. Cənab prezident belə çətin məqamda düşmən üzərində zəfər çaldı”.
R.Müslümov yaxınlarının da döyüşdə iştirak etdiyini vurğulayıb:
“Bibim oğlu və dostlarım döyüşdülər. İndi də cəbhədədirlər. Mən Bakıda doğulsam da, özümü həmişə qarabağlı saymışam. Nəinki mən, hamı bu döyüşdə özünü qarabağlı sayırdı. Vətən anadır. Rəhmətlik Səxavət Məmmədovla atam yaxın dost olublar, Qarabağ toylarında iştirak ediblər. Səxavət müəllim rəhmətə gedəndə mənim yeddi yaşım var idi. Ən böyük arzum isə onun məzarını ziyarət etməkdir. Şükürlər olsun ki, o gün bizə qismət oldu və inşallah Səxavət əminin məzarını ziyarət edəcəyik”.
Qeyd edək ki, Rüstəm Müslümov Xalq artisti Möhlət Müslümovun oğludur.