Azərbaycanda 4-cü doza vaksin vurulacaq?
İordaniyada COVID-19 infeksiyalarına yoluxma sayının artması 4-cü dozanın tətbiqi məsələsini gündəmə gətirib.
Ölkənin milli epidemiologiya komitəsinin üzvü Bassam Hicavi bildirib ki, yoluxma sayının artması krallıqda “Omikron BA.5” ştammı variantının sürətlə yayılması ilə bağlıdır.
Onun sözlərinə görə, gün ərzində koronavirusa yoluxan 2210 vətəndaşın əksəriyyətində “Omikron” ştammının yeni variantı aşkarlanıb.
“Statistik göstəricilər iyunun sonundan pisləşib. Bu, İordaniyanın bütün dünya ilə birlikdə pandemiyanın yeni dalğası ilə üzləşdiyini göstərir”, - deyə epidemioloq qeyd edib.
Hicavi deyib ki, “BA.5 ştammı orijinal “Omikron”dan dörd dəfə sürətlə yayılır. Bu səbəbdən biz vətəndaşlara buster doza qəbul etməyi tövsiyə edirik, çünki bu, infeksiyanın yeni variantından qoruyur”.
Epidemioloq bildirib ki, hazırda xəstəxanalarda COVID-19-a yoluxmuş 1 104 xəstə var, onlardan 124-ü reanimasiya şöbələrindədir.
Məlumdur ki, Azərbaycanda “buster” doza kimi son olaraq, üçüncü doza vurulub. Son zamanlar isə ölkəmizdə yoluxma sayında az da olsa, artımın görülür. Bu da peyvəndlənməni yenidən gündəmə gətirib.
Maraqlıdır, yoluxma daha da artarsa, 4-cü doza qərarı tətbiq edilə bilərmi?
Açıqlamasında həkim, radioloq Aydın Əliyev deyib ki, 4-cü dozanın tətbiqinə ehtiyac yoxdur:
"Çünki virus mutasiyaya uğrayaraq öldürücülük və xəstəliyi ağır keçirmə qabiliyyətini itirib. Yoluxanlar isə bunu yalnız yüngül mövsümi qrip kimi keçirir. Yoluxma sayının, hətta 10 minə çatmasının da heç bir qorxusu olmayacaq. Artıq bizim ölkəmizdə kollektiv immunitet var, virus da zəiflədiyinə görə “buster” dozaya ehtiyac yoxdur.
Ümumiyyətlə, daha başa düşməliyik ki, koronavirusla bağlı heç bir qorxuya ehtiyac yoxdur. Heç bir ağırlaşmalar gözlənilmir, buna görə karantin qaydaları tətbiq etməyə də ehtiyac yoxdur. İnsanları tibbi maska taxmağa məcbur etməyə də heç bir ehtiyac yoxdur".