Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mirşahin ittiham etdi - Telekanallar Zaurla Xoşqədəmin müdafiəsinə qalxdı - Bəyanat

“Azad Azərbaycan” Televiziyası (ATV) və ARB telekanalları birgə bəyanat yayıb.

Bəyanat ATV-nin “Bizimləsən” (aparıcı Zaur Baxşəliyev) və ARB-nin “Səni axtarıram” (aparıcı Xoşqədəm Baxşəliyeva) verilişləri haqqında yayılan ittihamlara qarşı verilib.

Bəyanatda deyilir:
 
“Bu birgə bəyanatın səbəbi bəzi media resurslarında ATV və ARB telekanallarına qarşı vüsət almış kampaniyadır.
 
Hər cür uydurmalara, təxribat xarakterli bəyanatlara və heç bir fakta əsaslanmayan mülahizələrə cavab verməyi lüzum bilməsək də, ATV-nin “Bizimləsən” və ARB-nin “Səni Axtarıram” verilişlərində xeyriyyə tədbirlərindən yığılan vəsaitlərin mənimsənilməsi ilə bağlı səslənən ciddi xarakterli ittihamları cavabsız qoymaq olmaz. Bu ittihamlar tamamilə cəfəng, əsassız və böhtandır, lakin bu ittihama cavab verməyimiz müstəsna olaraq qeyd edilən verilişlərin milyonlarla tamaşaçısına və müsəlmanların müqəddəs Ramazan ayında xəstə uşaqlar üçün ianə toplama kampaniyalarında iştirak edən yüz minlərlə vətəndaşımıza hörmətdən irəli gəlir.
 
Bununla bağlı aşağıdakı FAKTLARI qeyd edirik:
 
1. Kampaniyalar elan olunmazdan əvvəl telekanallar xəstəlik və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazımi sənədlərin təqdim edilməsini tələb edir.
 
2. Müalicə üçün toplanan ianələr birbaşa xəstə uşaqların valideynləri tərəfindən təqdim edilən bank hesablarına edilir.
 
3. Telekanallarda vəsaitin təyinat yerinə köçürülməsi barədə sənədli dəlillər var.
 
4. Xeyriyyə marafonu efirdə canlı yayımlanıb, vəsaitlərin toplanması və ödənişlərin bütün mərhələləri vizual qaydada sənədləşdirilir.
 
5. Verilişlərin redaktorları uşaqların valideynləri, uşaqlar və onların müalicə olunduğu klinikalar ilə mütəmadi əlaqə saxlayırlar - bu əlaqələr həm də vizual olaraq sənədləşdirilir.
 
6. ATV kanalına qarşı ittihamlarla internet resurslarına müraciət edən bir qadın vətəndaşın məsələsini ayrıca qeyd etmək yerinə düşər: ATV telekanalının böhtanla bağlı məhkəməyə müraciət etməməsinin yeganə səbəbi həmin vətəndaşın ağır vəziyyəti və öhdəsində 4 uşağın olmasıdır. Lakin əsassız ittihamlar davam edərsə, telekanal öz şərəf və ləyaqətini məhkəmə vasitəsilə müdafiə etmək məcburiyyətində qalacaq.
 
Beləliklə, bildiririk ki, xeyriyyə məqsədilə toplanmış bütün vəsaitlər tam təyinatı üzrə yönəlib və xərclənib, lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq.
 
Biz keçmişdə telekanallarda, saytlar və sosial şəbəkələrdə əsl məqsədi biznes rəqiblərin gözdən salınması və sıradan çıxarılması olan məlum “media müharibələri” təcrübəsinin yenidən canlandırılması cəhdlərini səmərəsiz hesab edirik.
 
Biz həmkarlarımızı həm jurnalistikanın əsas prinsiplərinə, həm də media etikası qaydalarına əsaslanan məsuliyyətli mövqe tutmağa çağırırıq.
 
Eyni zamanda qeyd edirik ki, telekanalların və bu telekanallarda çalışan kollektivlərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ziyan vuran böhtan və birtərəfli, təhrif edilmiş məlumatları məsuliyyətsiz şəkildə yayan resurslara qarşı məhkəməyə müraciət etmək imkanını nəzərdən keçiririk”.

Xatırladaq ki, REAL TV-nin rəhbəri Mirşahin Ağayev də bəzi telekanalları, o cümlədən ATV və ARB-ni tənqid edib. O, 10.07.2022-ci trixində özünün "Mir Şahinin vaxtı" verilişində bu telekanalları ictimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərə zərbə vurmaqda günahlandırıb.

“Biz qalib Azərbaycana hələ ki layiq ola bilmirik. Son zamanlar Azərbaycan teleməkanında inkişaf meyilləri var. Fasiləsiz xəbər xidməti olan kanalımızdan danışmayacam, təvazökarlıqdan uzaq görünər deyə. Amma AzTV-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görməmək olmaz. Dünya auditoriyasına çıxmağı bacaran CBC var, Xəzər TV artıq öz simasını müəyyənləşdirir və təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”, - deyə M.Ağayev bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də