Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni kişi tipi – Özünü xanım kimi aparır, naz edir…

Zaman dəyişdikcə insanların həyata baxışı, yaşam tərzi və davranışları da dəyişir. Xüsusilə kişi və qadınların davranışında, mental dəyərlərə yanaşmalarında fərqli tendensiya müşahidə olunur. Doğrudur, köhnə kişilər və onların davamçıları bu günümüzdə də var. Lakin ümumi mənzərə insanda fərqli təəssürat yaradır. 
 
Yəqin, sizin də diqqətinizdən qaçmayıb. Bəzi kişi cinsinin nümayəndələrində sanki bir zəriflik, hərəkətlərində xanımlara məxsus naz-qəmzə hiss olunur. Hətta bu şəxslərin geyimləri, danışıq tərzi belə kənarda onlar haqqqında xoş olmayan fikirlər yaradır.
 
Qəribə görünsə də, qadın gözəlllik salonlarına, geyim mağazalarına üz tutan, cərrahi əməliyyatlarla özlərini zərif cinsin nümayəndələrinə bənzətməyə çalışan kişilər də az deyil. Əlbəttə, belə meyil cəmiyyət üçün neqativ hal kimi qiymətləndirilir. Ümumiyyətlə isə müşahidələr göstərir ki, indi kişilər 30-40 il əvvəlki kimi deyillər. 
 
Bəs, bu dəyişimin səbəbləri nələrdir?
 

 
Bu barədə Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, insanların davranış və həyata baxışlarının dəyişməsinə təsir edən 4 amil mövcuddur: 
 
“Hər bir davranışın formalaşmasına 4 amil mühüm təsir göstərir. Birincisi, insanın öz şəxsi, fərdi və psixoloji xüsusiyyətləridir. İnsanda anadangəlmə müəyyən komplekslər olur. Elə ola bilər ki, komplekslərin bəzisi inkişaf etsin, bəziləri yox. İndi günü-gündən mürəkkəbləşən, həssaslaşan mühit kişilərdə müəyyən komplekslərin bloklanmasına, digər bir komplekslərin isə inkişaf etməsinə şərait yaradır. Min illərdir ki, kişilərə aid xüsusiyyətlər streotipləşib. Yəni kişinin ailədə, cəmiyyətdə öz rolu var. Ancaq indiki cəmiyyət elə vəziyyətdədir ki, artıq 30-40 il əvvəlki streotipləri tamamilə müdafiə etmir. Başqa şeylər tələb edir”.
 

Sosioloqun sözlərinə görə, insanlara təsir göstərən digər mühüm amillər onların aldığı informasiyanın məzmunu və intensiviliyi, həmçinin üstünlük verdiyi dəyərlərdir:
 
“Deməli, 30-50 il bundan əvvələ qədər kişilər cəmiyyətdə kitablardan, filmlərdən, müəllimlərdən, qonşulardan, hər kəsdən tamamilə başqa tip informasiyalar alırdılar. İndi isə sosial şəbəkələrdən, televiziyalardan tamam başqa cür informasiyalar əldə edilir. Kişilərin üstünlük verdiyi dəyərlər artıq dəyişib. Həmçinin, onu da qeyd etmək lazımdır ki, əvvəlki nəsil bədii kitab oxuyardı. Bu kitablar insanlara mənəvi keyfiyyətlər aşılayırdı. Nağıllardan tutmuş bütün kitablarda kişi belə olar, kişi elə olar fikirləri yayılırdı. O xüsusiyyətlər artıq yoxdur. Əvvəllər kişilərin dəyər verdiyi “adam kişi olar”, “kişi verdiyi sözü pozmaz”, “kişi həmişə qazanıb ailəsinə baxar” kimi düşüncələr kişilərin beyninin dərinliyində onlara məlum olsa da, artıq cəmiyyətin bunları istəmədiyini görür. Kişi öz beynində tutduğu funksiyaları yerinə yetirə bilmədiyi üçün psixoloji sıxıntılar yaşayır. İnsan daxilən sınır. İndiki mühit, indiki informasiya və dəyərlər dəyişib. Bununla da, anadangəlmə xüsusiyyətlərimiz əvəzinə başqa xüsusiyyətlər inkişaf etməyə başlayıb”.
 

Əhməd Qəşəmoğlunun fikrincə, artıq dövrümüzdə yeni kişi tipi yaranıb:
 
“İşə gedən kişini məcbur edirlər ki, daha çox yaltaqlansın, baş əysin, başqasının qarşısında mütiləşsin. İndi beynəlxalq aləmdə yaradılan yeni kişi tipi bizi heyrətləndirir”.
 
Cəmiyyətdə yeni kişi tipinə münasibət necədir?
 
Sosioloq bu sualı belə cavablandırıb: “Cəmiyyətdə baş verən proseslərə müdaxilə etmək üçün 200 ildir ki, müxtəlif elm sahələri formalaşıb. Mən 20 ildir çağırıram ki, cəmiyyətdə xoşagəlməz proseslər gedir. Bunlara elmi müdaxilələr etmək lazımdır. Elmi əsaslarla fəaliyyət proqramları hazırlayıb, həyata keçirmək mütləqdir. Xüsusi elmi mərkəzlər işləməlidir. Ancaq məni ciddiyə alan yoxdur. Ona görə də, cəmiyyət günü-gündən belə olur. Müxtəlif cəmiyyətlərdə də belə problemlər var. Cəmiyyətin günü-gündən mürəkkəbləşməsi insanlarda bəzi xüsusiyyətləri bloklayır və onları fərqli inkişaf etdirir. Hazırkı vəziyyət bir çox insanları qıcıqlandırır, onların daxilində etiraz yaranır. Etiraz da psixoloji sarsıntıya gətirib çıxarır. Belə adam başqasını vura, hətta öldürə də bilər. Məsələyə ciddi şəkildə elmi baxımdan yanaşmaq lazımdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də