Elyar Mirzəyev gözlərini belə qırpmadan ölümə atıldı. Atıldı ki, Vətəni yaşatsın. Atıldı ki, özündən sonrakı nəsillərə örnək olsun, Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrətsin
30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından – keçmiş Dağlıq Qarabağ və ətraf rayonlardan dərhal çıxarılması haqda qəbul etdiyi qətnamələr heç bir işə yaramadı. Münaqişənin tənzimlənməsi üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin 27 illik fəaliyyəti də ən yaxşı halda fəaliyyətsizlik (xatırladaq ki, sözügedən üçlük çox hallarda ermənilərin mövqeyini müdafiə edən qurum kimi fəaliyyət göstərib) kimi yadda qaldı. Və beləliklə, dünya dövlətlərindən ədalət və insan hüquqlarına hörmət tələb edən supergüclərin superədalətsizlik və superhaqsızlıqları fonunda münaqişələrin sülh şəraitində həllinin mümkünsüzlüyü Azərbaycanın şəhidpərvər xalqı üçün bir daha aydın oldu. Müsbət nəticə isə artıq göz önündədir: xalqın möhtəşəm birliyi, monolitliyi fonunda Ali Baş Komandanın verdiyi savaş əmri ilə qəhrəman Azərbaycan oğulları düşmən ordusunun tifaqını dağıdaraq, şəxsi heyətinin leşlərini bütün cəbhə boyu, necə deyərlər, “it unu” kimi səpələyərək ərazilərimizi işğaldan azad etdi, unudulmaz zəfər çaldı.
Qeyd edək ki, müstəqil Azərbaycanımızın ərazi bütövlüyü ölkə vətəndaşlarının əsrlərlə, illərlə ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu müqəddəs arzunun gerçəkləşməsi üçünsə, hər bir Azərbaycan vətəndaşı şəhadətin, qaziliyin göz altına alınmalı olduğunu təbii ki, aydın başa düşür. Və onu da dərk edir ki, şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Belə şəhidlərdən biri də əslən Cəbrayıl rayonundan olan Mirzəyev Elyar Calal oğludur. E.Mirzəyev 6 sentyabr 1984-cü ildə Beyləqan rayonunun Bahar qəsəbəsində doğulub. Orta məktəbi də elə həmin qəsəbədə bitirib.
2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Elyar Mirzəyev, Ədliyyə Nazirliyində xidmət keçib. Nazirliyin, Azərbaycan çempionatının güclülər dəstəsində mübarizə aparan futbol klubunun üzvü olub. Hərbi xidməti başa vurduqdan sonra Bakının “Bakılı” futbol klubunda güclülər dəstəsində çıxış edib. Bir müddətdən sonra isə klubu tərk edərək, şəxsi bizneslə məşğul olub. 2006-2007-ci illərdə Bakının
“Ekol” futzal klubunda təlim-məşq toplanışlarında iştirak edib. Daha sonra Beyləqanın futbol klubunda fəaliyyət göstərib. Hələ orta məktəbdə oxuyarkən rayonlararası yarışlarda qələbə çalıb. O cümlədən ordu yığma komandaları arasında iki dəfə Azərbaycan çempionu olub. 2017-ci ilin əvvəlində yenidən hərbiyə gedib, müddətdən artıq xitmətə (MAXE) yazılıb. İkinci Vətən müharibəsi başlayan kimi, 27 sentyabr 2020-ci ildə döyüşlərə qatılıb. Şücaətli, fəal döyüşçü olaraq xüsusi təyinatlı batalyonda olub.
E.Mirzəyev Cəbrayıl, Füzuli və Hadrut bölgələrində döyüş yolu keçib. Uğurlu döyüş əməliyyatlarında fəal iştirak edib. Döyüş yoldaşlarının dediklərinə görə, Elyar adi deyil, cəsurluğu, qorxmazlığı ilə seçilən döyüşçülərdən olub. Yaralı döyüşçülərimizin ərazidən uzaqlaşdırılmasında da yaxından iştirak etməklə, onları real ölümün pəncəsindən qurtarıb. 100-ə yaxın erməni döyüşçüsünü məhv edib. Son döyüşünü Hadrutun Şaban dağı deyilən ərazisinin ətəklərində keçirib. Həmin vaxt düşmən snayperinə tuş gələrək şəhidlik məqamına yüksəlib.
Bəli, Elyar Mirzəyev gözlərini belə qırpmadan ölümə atıldı. Atıldı ki, Vətəni yaşatsın. Atıldı ki, özündən sonrakı nəsillərə örnək olsun, Vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrətsin. Örnək oldu, sevdirdi Vətəni və elə sevdirərək də şəhidlik zirvəsinə ucaldı, ölümsüzləşdi, əbədiyaşarlıq qazandı, tarix yazdı... Birinci və İkinci Qarabağ müharibələri zamanı Vətən uğrunda mübarizə aparan belə fəxr edilməli qəhrəmanlarımız yetərincədir.
Allah Elyara və cəmi şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!
Nəriman MAHMUD
yazıçı-publisist