Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəb psixoloqları üçün stolüstü kitab - FOTOLAR

BP şirkəti və AzEdu təhsil portalının birgə layihəsi əsasında dərc olunan "Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimatı keçirilib.
 
Tədbirdə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən B.Aslanbəyli deyib ki, Azərbaycanda ilk dəfə məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi bu həcmdə və əhatəli vəsait işıq üzü görür: "Bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşğul olan hər kəs faydalana bilsin. Sözügedən mövzu məktəblilərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi va fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır. Müəlliflər kitabı hazırlayarkən onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin etməyə çalışıblar. Bunun üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə sıx əməkdaşlıq edilib".

AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı qeyd edib ki, qurum artıq təhsillə bağlı üçüncü kitab nəşr edir: "Yeni nəşr olunan kitab geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları, eləcə də yanaşmaların praktiki tətbiqini əhatə edən bir mənbədir. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Əsas məqsəd məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir".

Təhsil nazirinin müşaviri Elnur Nəsibov söyləyib ki, təhsillə əlaqəli bütün nəşrlər ancaq təhsilin xeyrinədır: "Etiraf etməliyik ki, məktəblərdə uşaq başına düşən psixoloq sayı, onların bilik və bacarıqlarının davamlı şəkildə istifadəsinə önəm verilməlidir. Yeni nəşrin bu işə töhfə verəcəyinə də şübhə etmirəm. Təklif edərdim ki, vəsaitin elektron variantda əlçatanlığı da təmin edilsin. Xüsusilə də bölgələrdəki işçilər üçün kitabın istifadəsində əlçatanlıq mümkün olsun".
 
Nazirin müşaviri onu da vurğulayıb ki, yeni tədris ilindən 15 məktəbdə "Məktəb, Ailə, İcma Birliyi" layihəsinin tətbiqi planlaşdırılır.
 
Çıxışların davamında bildirilib ki, kitaba daxil edilmiş geniş əhatəli mövzuları həmin sahənin mütəxəssisi olan yerli ekspertlər yazıb. Nəşrin doqquz müəllifi var. Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər. 368 səhifəlik "Məktəb psixoloqunun stolüstü kitabı"nın nəşrində məqsəd məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək olmaqdır. Layihənin müddəti yeddi ay, ümumi dəyəri isə təxminən 54 min manat təşkil edib.
 
Qeyd edək ki, layihəni BP-nın dəstəyi ilə yerli təşkilat AZEDU MMC həyata keçirib. "Məktəb psixoloqunun stolüstü kitabı"nı Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, ADPU-nun Şəki filalının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev, Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şəbəsinin müdiri, dosent Laləzər Cəfərova, Bakı şəhər 11 saylı xüsusi təhsil məktəbinin müəllimi, klinik psixoloq, loqoped Babək Əlizadə və başqaları hazırlayıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də