Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentin Kəlbəcər səfəri – Yurda qayıdış məqamı yaxınlaşır

RegionTV.info
26 İyun Silahlı Qüvvələr Günün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfər etdi. Bu, cənab Prezidentin bir il içərisində dağlar qoynunda yerləşən Kəlbəcərə artıq ikinci səfəridir.

Milli Məclisdə təmsil etdiyim Kəlbəcər rayonunun əhalisi tərəfindən, o cümlədən, xalqımızın böyük maraq və qürurla izlədiyi bu səfərdə Prezident İlham Əliyev Kəlbəcərdə bir sıra mühüm strateji obyektlərin təməlatma mərasimlərində iştirak etdi, bölgənin təbii iqtisadi potensialı və gələcək inkişafı ilə bağlı ətraflı məlumat verdi.

Cənab Prezidentin Kəlbəcərə budəfəki səfəri Azərbaycan Silahlı Qüvvələri Gününə təsadüf etmişdi. Əslində, səfər üçün bu günün seçilməsi Prezidentin özünün də qeyd etdiyi kimi rəmzi məna daşıyırdı. Ali Baş Komandan, Silahlı Qüvvələr Gününü çətin relyefdə, sərhədin sıfır nöqtəsində xidmət edən hərbçilərimizlə birlikdə keçirdi. Burada, ikinci komando qüvvələrinin hərbi hissəsinin açılışını etdi.

Qısa zamanda, Kəlbəcərdə yüksək səviyyəli, hər cür təminatlı hərbi hissənin və peşəkar komando hərbi birliklərinin yaradılması onu göstərir ki, 44 günlük Vətən müharibəsindən sonra ordu quruculuğu daha da gücləndirilib. Eyni zamanda, bu hələ də sülhlə bağlı tərəddüdlər edən Ermənistana, orada baş qaldırmaq istəyən revanşist qüvvələrə açıq mesajdır. Cənab Prezidentin dediyi kimi: Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Yol, nəqliyyat problemlərinə baxmayaraq, bu gün demək olar ki, Kəlbəcər böyük tikinti meydançasını xatırladır. Rayonda həyati infrastrukturun - elektrik, su təchizatı məsələlərinin yerli imkanlar hesabına təmin edilməsi üçün xeyli işləri görülüb, görülməkdədir. Cənab Prezidentin təməlini atdığı yeni obyektlərlə bu işlər daha da irəli gedəcək.

Kəlbəcərlilərin öz doğma yurdlarına qayıtması üçün də bu səfər mühüm əhəmiyyət kəsb edirdi. Kəlbəcər şəhərinin baş planının təqdim edilməsi, əhalinin yerləşdirilməsi və məşğulluğu ilə bağlı iş yerlərinin təməlinin qoyulması çox da uzaq olmayan tarixdə Kəlbəcərə qaynar həyatın qayıdacağından xəbər verir. Kəlbəcərlilər o günü səbirsizliklə gözləyir.

Məlumunuz olduğu kimi artıq ikinci ildir ki, çoxlu sayda heyvandarlıq və arıçılıq təsərrüfatları mövsümi olaraq Kəlbəcər rayonu ərazisinə aparılıb. Bununla əlaqədar olaraq müəyyən sayda Kəlbəcər sakinləri də hazırda rayon ərazisində təsərrüfat fəaliyyəti ilə məşğuldurlar. Yaxşı olardı ki, rayonda yeni təməli atılan obyektlərin – İstisu sanatoriyasının, mineral su zavodunun və digər obyektlərin tikintisinə də, daha çox yerli əhalidən olan insanlar cəlb edilsin. Bu, həm Kəlbəcər sakinlərinin arzusu, həm də onların doğma yurdda məşğulluqları və həyatlarını orada yenidən qurmaları üçün mühüm məsələdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də