“İki variant var: Ya intihara məcbur edilib, ya da atılıb. Evdə uşaqları, yoldaşı və özü olub. Ailə münaqişələri olub, yaxın zamanlarda boşanmaq üçün vəkil də tutulmuşdu. Hazırda istintaq gedir. Bacım Xalidənin əri ona öz şəklini atıb ki, gəl, səni gözləyirəm. Həmin adam daim içirdi”.
RegionTV.info xəbər verir ki, bunu tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intiharının səbəbləri ilə bağlı qardaşı Elçin Vəliyev Cebhe.info-ya açıqlamasında deyib.
Mərhumun qardaşı hələlik bacısının həyat yoldaşı və ailəsinin ortalıqda görünmədiklərini bildirib. Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib:
“Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdılar ki, Xalidə intihar edib”.
Elçin Vəliyev bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib:
“Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək”.
***10:28
Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar etməsi cəmiyyətdə geniş müzakirə olunur.
RegionTV.info xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisənin ehtimal edilən səbəbi müəyyən edilib. Belə ki, 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərlinin ailə münaqişəsi zəminində baş vermiş psixoloji gərginlik fonunda özünü binadan ataraq həyatına son qoymasına əsaslı şübhələr müəyyən edilib.
Artıq X.Kəngərlinin həyat yoldaşı şübhəli şəxs qismində istintaqa cəlb edilib, onun izahat və ifadəsi alınıb.
Qeyd edək ki, son illərdə Azərbaycanda intihar hadisələri ilə bağlı Cinayət-Prosessual icraatda ciddi dəyişiklik baş verib. Belə ki, əvvəllər ölkədə baş vermiş bütün intihar hadisələri ilə bağlı cinayət işi açılırdısa, son vaxtlar yalnız həyatına son qoymuş şəxsin bu addımı atmasına hər hansı şəxs və ya şəxslər tərəfindən vadar edilməsinə əsaslı şübhələr müəyyən edildikdə cinayət işi açılır. Xalidə Kəngərlinin intiharı ilə bağlı da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, hazırda ibtidai istintaq prosesi davam etdirilir.
Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhum iki uşaq anası idi.
Xəbəri paylaş