Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azay Quliyev: "Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil..."






Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri Azay Quliyevin ATƏT PA-nın Büro iclasında çıxış edib.

Azay Quliyev iclasda Büro üzvlərini Ermənistan və Azərbaycan arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə noyabrın 10-da imzalanan saziş çərçivəsində dekabrın 2-dək görülən işlər barədə məlumatlandırıb: 

“Bu razılaşmanın müddəalarına əsasən 1 dekabr 2020-ci il tarixinə kimi Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal altında qalan ərazilərindən, yəni Kəlbəcər, Ağdam və Laçından çıxardı. Bununla da, Azərbaycanın de-fakto ərazi bütövlüyü bərpa edildi.
Biz 26 mindən çox erməni qaçqınının Azərbaycana qayıtması üçün müvafiq şərait yaratdıq. Bundan əlavə, erməni vətəndaşlarımızın Azərbaycanın digər vətəndaşları kimi bərabər hüquq və imkanlardan istifadə etmələri üçün bütün lazımi tədbirlər də ölkəmiz tərəfindən görüləcəkdir.
İki ölkə arasında hərbi əsir, girov və cəsədlərin mübadiləsi davam edir”.

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, hazırda Azərbaycan hökuməti məcburi köçkünlərin dogma yurdlarına təhlükəsiz qayıtması üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədi ilə müvafiq addımlar atır. Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində törətdiyi iqtisadi və humanitar ziyanın qiymətləndirilməsi həyata keçirilməkdədir: “Bundan əlavə, 30 illik işğal ərzində tamamilə dağıdılmış və xarabalığa çevrilmiş bütün şəhərlərimizin, qəsəbələrimizin və kəndlərimizin yenidən qurulmasını əhatə edəcək böyük qayıdış planı üzərində işlər aparılmaqdadır”.

Azay Quliyev deyib ki, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq mövcud olmamasına və yalnız tarixə istinad edilərkən istifadə olunmasına baxmayaraq, bölgədə uzunmüddətli sülhün və Ermənistanla Azərbaycan arasında barışığın təmin olunması üçün hələ bir çox iş görməliyik.
Əminəm ki, bütün əsassız ərazi iddiaları, düşmənçilik və nifrət ritorikası keçmişdə qalmalıdır.
Bu məqsəd üçün nə edilməlidir: “İlk missiya Ermənistanla Azərbaycan arasındakı iqtisadi əlaqələrin və bütün kommunikasiyaların açılması ola bilər ki, bu da qarşılıqlı etimad və inamın bərpasına gətirə bilər.
Biz anlayırıq ki, düşmənçilik sonsuza qədər davam edə bilməz. Azərbaycanlı mülki şəxslərə qarşı törədilən müharibə cinayətləri səbəbindən barışıq asan olmasa da, ermənilər və azərbaycanlılar qonşuluqda, birgə yaşamağı öyrənməlidirlər.
Bu səbəbdən də düşünürəm ki, Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh sazişinin hazırlanması əsas vəzifələrdən biridir. Bu istiqamətdə çox böyük siyasi və diplomatik səylər göstərilməlidir”.

Azay Quliyev Cənubi Qafqaz regionunun təhlükəsizlik, əməkdaşlıq və firavanlıq baxımından tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. ATƏT PA-nın vitse-prezidenti bildirib ki, ATƏT Parlament Assambleyası bu həyati əhəmiyyətli məqsədlərə çatmaq üçün mühüm rol oynaya bilər və oynamalıdır.
Lakin təəssüf ki, bəzi ATƏT ölkələri, xüsusən də Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, üzərinə bitərəf və ədalətli vasitəçilik missiyasını götürən Fransanın həyata keçirdiyi qeyri-adekvat cəhdlər müşahidə edilir: “Son 2 aydakı hadisələrə nəzər yetirsəniz Fransanın Ermənistanın işğalçı əməllərinə göz yumaraq bu ölkəyə birtərəfli qaydada dəstək verməsini, münaqişə tərəflərinə qarşı qeyri-konstruktiv və qərəzli yanaşmasını asanlıqla görə bilərsiniz.
Təsəvvür edirsinizmi, 44 günlük aktiv hərbi əməliyyatlar zamanı Fransa mediasında 1000-dən çox ermənipərəst və anti-Azərbaycan yönümlü məqalələr və videomateriallar yayımlandı. Bununla yanaşı, real vəziyyəti göstərməyə çalışan jurnalistlər təqib olundu, onlar həyatlarına qarşı təhdidlərlə qarşılaşdılar. Azərbaycanın Parisdəki səfirliyinin Fransanın dövlət və özəl media qurumlarına müraciət etmək cəhdləri misli görünməmiş maneələrlə qarşılandı.
Bu azmış kimi, Fransa Senatı noyabrın 25-də Fransa hökumətini Ermənistanın qurduğu mövcud olmayan və qanunsuz rejimi tanımağa çağıran əsassız və təhlükəli qətnamə qəbul etdi. Bu qərar Fransanın beynəlxalq məsuliyyəti və öhdəliklərinə tamamilə ziddir, eyni zamanda vasitəçi mandatı da daxil olmaqla beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Noyabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının bu qanunsuz qətnaməsini qətiyyətlə rədd etdi və Azərbaycan hökumətini Fransanın ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən uzaqlaşdırılmasını və Fransa ilə diplomatik və iqtisadi əlaqələrin dayandırılmasını nəzərdən keçirməyə çağırdı. Ümid edirəm ki, Fransa hökuməti beynəlxalq öhdəliklərinə hörmət göstərərək beynəlxalq hüququ, xüsusən də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı norma və prinsipləri pozmaqdan çəkinəcək”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də